Tələbə Elmi Cəmiyyəti (TEC)
ÜMUMİ MÜDDƏALAR
- Tələbə Elmi Cəmiyyəti (bundan sonra TEC) Şərqşünaslıq fakültəsinin bakalavriat və magistratura pilləsində təhsil alan tələbələrin elmi maraq və yaradıcılığına nəzarəti həyata keçirən, onların elmi fəaliyyətini stimullaşdıran seçkili orqandır.
- TEC bakalvariat və magistrantları universitetin elmi və pedoqoji həyatında fəal iştirakını təmin etmək, istedadlı, bacarıqlı gəncləri üzə çıxarmaq, universitetin gələcəkdəki kadr potensialını möhkəmləndirmək məqsədilə fəaliyyət göstərir.
- TEC fakültə rəhbərliyinə tabedir və fakültənin Elmi şurası qarşısında hesabat verir.
- TEC öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, ali təhsil müəssisəsinin Nizamnaməsini və bu Əsasnaməni əldə rəhbər tutur.
ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏR
- TEC-in məqsədi fakültənin elmi həyatının dinamikliyini təmin etmək üçün elmi tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın təkmilləşdirilməsi, bakalavriat və magistrantların elmi tədqiqat fəaliyyətinin genişləndirilməsi və stimullaşdırılmasında fakültənin işinə kömək etməkdir.
- TEC tələbələri elmi yaradıcılığa cəlb etməklə və ya onların elmi fəaliyyətini stimullaşdırmaqla universitetin elmi həyatındakı aktivliyini təmin etməlidir.
- TEC tələbələr arasında elmi yaradıcılığın ayrı-ayrı formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılması üçün köməklik göstərməlidir.
- TEC tələbələrin tədqiqatçılıq fəaliyyətinə istiqamət verməklə onlarda seçdikləri peşəyə yaradıcı münasibət formalaşdırmalıdır.
- TEC fakültənin istedadlı gənclərinin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi təşkilati işlərə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb olunmasını təmin etməlidir.
- TEC tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanmasına yardım etməlidir.
- TEC fakültə tələbələrinin elmi konfranslarda iştirakını təmin etməli, bu barədə mütəmadi olaraq təbliğat işləri aparmalıdır.
- TEC tələbələrin müxtəlif elmi seminarlarda, tədbirlərdə iştirakını təşkil etməlidir.
- TEC digər ali məktəblərin elmi təşkilatları ilə əlaqələrin qurulmasıda yaxından iştirak etməlidir.
- TEC fakültə tələbələrinin elmi nailiyyətlərinin işıqlandırılması və təbliğatını həyata keçirlməlidir.
TƏLƏBƏ ELMİ BİRLİYİNİN STRUKTURU
- TEB-ə seçki hər yeni tədris ilinin başlandığı gündən iki ay müddətində aparılmalı və fakültədə (əyani və qiyabi formada) bütün təhsil alanların seçkidə iştirak etmək hüququsərbəstdir.
- TEB-in tərkibi universitet və fakültə rəhbərliyinin, o cümlədən bakalavriat və magistrantların iştirakı əsasında ilk iclasda müəyyənləşdirilir.
- TEB-in tərkibinin müəyyən olunması iclasda iştirak edən tələbələrin könüllü olaraq namizədliklərini irəli sürməsi və səsvermə yolu ilə müəyyənləşir.
- TEB sədri vəzifəsinə fakültənin elmi həyatı ilə sıx bağlı olan, aktiv elmi fəaliyyət
göstərən ən aşağısı magistratura pilləsinin tələbələri və fakültənin gənc əməkdaşlarınamizəd ola bilər.
- TEB üzvlüyünə seçilmiş tələbələr birliyin idarə heyətini öz aralarında müstəqil
səsvermə yolu ilə formalaşdırırlar. TEB-in tərkibi şura sədri, şuranın baş koordinatoru
(birinci müavin), təhsil pillələri üzrə iki müavin (koordinatorlar), komitə (və ya
bölmə) rəhbərləri, katib, eləcə də daimi və fəxri üzvlərdən ibarətdir.
- TEB-in idarə heyəti aşağıdakı kimidir:
- Tələbə Elmi Birliyinin sədri.
TEB sədrinin müavinləri:
- TEB sədrinin birinci müavini (birliyin baş koordinatoru)
III. Bakalavriatların elmi fəaliyyətinə nəzarətin təşkili üzrə müavin (birliyin koordinatoru).
- Magistrantların elmi fəaliyyətinə nəzarətin təşkili üzrə müavin (birliyin koordinator).
TEB-in müvafiq məsələlər üzrə komitə (və ya bölmə) rəhbərləri:
- İdeya və layihələndirmə komitəsinin rəhbəri
- Təşkilati işlər üzrə komitə rəhbəri
VII. Mətbuat-informasiya komitəsinin rəhbəri
VIII. Əlaqələndirmə komitəsinin rəhbəri
- Elmin təbliği və fəaliyyətin qiymətləndirilməsi üzrə komitə rəhbəri
- TEB-in katibi
- TEB-in idarə heyətinin sayı 10 (on) nəfərdən çox olmamalıdır.
- TEB öz elmi şurasının iclaslarında daimi üzvlərin qəbulu ilə yanaşı, fakültənin tanınmış alimlərini, təcrübəli gənc tədqiqatçılarını fəxri üzvülüyə qəbul etmək haqqında qərar qəbul edə bilər.
- Fəxri üzvlər TEB-in fəaliyyətini gücləndirən tövsiyələr, məsləhətlər verir, birliyin reallaşdırdığı tədbirlərdə köməklik göstərir.
- TEB-ə üzv olan tələbələr müvafiq komitələr üzrə fəaliyyətə cəlb olunurlar.
Komitələrin sayı, üzvləri və fəaliyyət istiqaməti birliyin fəaliyyət perspektivinə uyğun
təşkil edilir.
- TEB üzvləri ali təhsil aldıqları müddətdə müvəffəqiyyət göstəricilərinə görə fərqlənən, təcrübəli, təşəbbüskar və rəhbərliyin rəğbətini qazanmış gənclərdən ibarət olmalıdır.
TƏLƏBƏ ELMİ BİRLİYİNİN İŞİNİN TƏŞKİLİ
- TEC-in ali orqanı elmi şuradır. TEC-in yaradılması və yenidən təşkili birliyin elmi şurasının qərarı əsasında həyata keçirilir.
- TEC üzvləri elmi şuranın iclaslarında öz tədbirlər planını müəyyənləşdirir və tələbələrin iştirakı ilə onları reallaşdırır.
- İclaslarda TEC üzvləri ilə yanaşı, idarə heyətinin tövsiyəsi ilə fakültənin əməkdaşlarının və tələbələrinin də könüllü şəkildə iştirakı mümkündür.
- TEC-in fəaliyyətinə fakültə rəhbərliyi nəzarət edir. TEC-in tədbirlər planı fakültə dekanının icazəsi ilə reallaşdırılır.
- TEC-in fəaliyyət istiqaməti təşkil olunan iclaslarda və fakültə dekanının göstərişi əsasında müəyyənləşir. Həyata keçirilən tədbirlər planı ilk növbədə fakültənin elmi pedaqoji fəaliyyətini genişləndirməyə və tələbələrin öz perspektivlərini reallaşdırmasına xidmət edir.
- TEC-də fəaliyyət göstərən komitələr müvafiq istiqamətlər üzrə tədbirlər hazırlayır və burada tələbələrin iştirakını təmin edir.
- TEC üzvlərinin təşəbbüsü ilə elmi konfranslar, seminarlar, disput-klublar və digər tədbirlər təşkil edilir. Birlik ölkədaxili elmi tədbirlərdə tələbələrin iştirakını təmin edir. Həmçinin TEC üzvləri rəhbərliyin göstərişi ilə universiteti müxtəlif respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə təmsil edirlər.
- TEC vasitəsilə reallaşan tədbirlərdə tələbələr uğurlar əldə etməklə yanaşı, həm də vaxtlarını səmərəli keçirirlər.
- İdarə heyətinə seçilənlər üçün birliyin üzvü olmasını bildirən vəsiqələrin tərtibi elmi şuranın qərarı əsasında müəyyənləşir.
- TEC-in plenar iclasının qərarları gizli və ya açıq səsvermə yolu ilə iştirakçıların səs çoxluğu əsasında qəbul edilir.
- TEC müstəqil özünüidarə orqanı kimi müvafiq “Əsasnamə” əsasında fəaliyyət göstərir.
TEC ÜZVLƏRİNİN HÜQUQLARI
- TEC üzvlərinin hüquqları fakültə rəhbərliyi tərəfindən qorunur.
- TEC üzvləri müstəqil şəkildə toplaşa və iclaslar təşkil edə bilər.
- TEC üzvləri dərsdənkənar ictimai əsaslarla fəaliyyət göstərir.
- TEC-in fəaliyyəti tələbələrin dərs prosesinə mane olmamalıdır.
- TEC üzvləri müstəsna hallarda və dekanın icazəsi ilə dərs prosesində elmi təbliğat işləri apara və tələbələri məlumatlandıra bilər.
- Fakültənin elmi həyatının canlandırılması üçün TEC üzvləri dekanın nəzarəti ilə müstəqil şəkildə elmi təbliğat işləri apa bilər.
- TEC-in fəaliyyətinə maneə yaradılması, onun üzvlərinə qarşı təbliğat aparılması, hər hansı bir təzyiq göstərilməsi, onların işinə əsassız və yersiz müdaxilələr edilməsi yolverilməzdir. Bu kimi neqativ hallarla bağlı TEC üzvləri öz elmi şuralarının iclaslarında məsələ qaldırmaq və qərarlar qəbul etmək hüququna malikdir. Həmin qərarlar dekanın tövsiyəsi və tapşırığı əsasında icra oluna bilər.
- TEC öz fəaliyyəti üçün maliyyə məsələlərini üzvlərin və fakültə rəhbərliyinin, o cümlədən tələbələrin könüllü təşəbbüsləri ilə həll edə bilər. Həmçinin TEC öz büdcəsini müəyyən qrant layihələr, müsabiqələr, eləcə də müxtəlif özəl müəssisələrlə aparılmış danışıqlar əsasında sponsorluq vasitəsilə - himayədar tapmaqla da formalaşdıra bilər. TEC-in idarə heyətinin vəzifələrinə dair məlumatlar
TEB sədrinin vəzifələri:
- Tələbə Elmi Cəmiyyətinə rəhbərlik etmək;
- Müvafiq qaydada birliyin iclaslarını çağırmaq;
- Birliyin verdiyi qərarları müzakirə əsasında təsdiq və ya ləğv etmək;
- TEC üzvlərinin fəaliyyətinə nəzarət etmək;
- Birlik daxilində nizam-intizamı təmin etmək;
- Universitet və fakültə rəhbərliyinin göstərişlərini tələbələrə çatdırmaq;
- TEC-in tədbirlər planı barəsində fakültə rəhbərliyini vaxtaşırı məlumatlandırmaq.
Müavinlərin vəzifələri:
- Müavinlər TEC sədrindən sonra şuranın üzvlərinə və fəaliyyətinə, ümumiyyətlə, birliyə cavabdeh ikinci səlahiyyətli şəxslərdir.
- TEC-sədrinin birinci müavini birliyin baş koordinatorudur.
- Baş koordinator sədrdən sonra birliyin idarə olunmasına nəzarət edən ikinci mühüm səlahiyyətli şəxsdir. Sədrdən sonra bütün üzvlər ona tabedir.
- Baş koordinator TEC sədri qarşısında hesabat verir.
- Digər iki müavin - koordinatorlar: biri bakalavriatların, digəri isə magistrantların elmi fəaliyyət və yaradıcılıqlarına nəzarət edir, onlarla mütəmadi şəkildə maraqlanır.
- TEC sədri bu və ya digər səbəbdən olmadıqda müavinlər onun səlahiyyətlərini müvəqqəti icra edir.
- Müvafiq qaydada TEC sədrinin tapşırıqlarına əməl etməli və göstərişlərini tələbələrə çatdırmalıdır.
- Keçiriləcək iclaslar barədə birlik üzvlərini məlumatlandırmalıdır.
- TEC sədrinin icazəsi olmadan birlik üzvlərinə göstərişlər verə bilməz.
Komitə rəhbərlərinin vəzifələri
- Fakültənin elmi həyatını canlandıracaq ideyalar vermək, təkliflər hazırlamaq və layihələr təqdim etmək;
- Elmi tədbirlərin (elmi konfrans, debatların, simpoziumların və s.) təşkilinə, gedişatına nəzarət etmək, habelə tələbələrin bu tədbirlərdə iştirakını təmin etmək;
- Tələbələrin elmi işlərinə və fəaliyyətlərinə aid prosesləri izləmək;
- Qış və yay imtahan sessiyalarının nəticələrinə əsasən tələbələrin müvəffəqiyyət göstəriciləri ilə maraqlanmaq;
- TEC-in fəaliyyətini mətbuat-informasiya vasitərlərində işıqlandırmaq;
- Müəllim və tələbələr arasında elmi münasibətləri canlandırmaq, tələbələrə müəyyən istiqamətlər üzrə elmi rəhbərlər təyin etməyə vasitəçi olmaq;
- Digər ali təhsil müəssisələri ilə elmi əlaqələrin genişlənməsi və möhkəmlənməsinə çalışmaq;
- TEC-in katibi birliyin elmi şurasının iclaslarının protokolunu tərtib etməli, birliyə aid sənədlərin qorunmasına nəzarət etməlidir.
“ƏSASNAMƏ”YƏ ƏLAVƏ
Tələbə Elmi Birliyinin idarə heyəti və üzvlərinin qrafiki
Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri
Təranə Hüseynağa qızı Hüseynbalayeva (Ərəb filologiyası kafedrasının dosenti)
Tələbə Elmi Cəmiyyətinin sədri
Əhmədova Aygün Sadiq qızı (Filologiya (türk dili və ədəbiyyatı) ixtisasının II kurs tələbəsi
TGT
TGT-lərin Əsasnaməsi
- Ümumi müddəalar
1.1. Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatı (bundan sonra «Təşkilat») təhsil alan gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, hüquqlarının müdafiəsini, maraqlarını, asudə vaxtının səmərəli təşkilini, maraq və meyllərini, intellektual inkişaflarını təmin etmək, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilir.
1.2. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, ali və orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinə və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
1.3. Təşkilat təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Təşkilat ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan müstəqil tələbə-gənclər təşkilatıdır.
- Təşkilatın əsas məqsəd və vəzifələri
2.1. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
2.2. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
2.2.1. tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
2.2.2. tələbələr arasında maarifləndirmə işinin aparılması;
2.2.3. tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
2.2.4. tələbələrin hüquqlarının təmin edilməsi;
2.2.5. respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
2.2.6. tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
2.2.7. tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
2.2.8. tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
2.2.9. tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
2.2.10. tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
2.2.11. təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
2.2.12. qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.
III. Təşkilata üzvlük, üzvlərin hüquq və vəzifələri
3.1. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri təhsil aldıqları müəssisələr üzrə təşkilata üzv ola bilərlər.
3.2. Təşkilata üzvlük könüllü xarakter daşıyır.
3.3. Təşkilata üzvlərin qəbulu İdarəetmə Şurası tərəfindən həyata keçirilir.
3.4. Təşkilata üzv olmaq istəyənlər İdarəetmə Şurasına yazılı şəkildə müraciət edir.
Müraciətə 10 gün müddətində baxılır və İdarəetmə Şurasının üzvlərinin yarıdan çoxu müsbət münasibətini bildirdikdə üzvlüyə qəbul həyata keçirilir.
3.5. Təşkilatın üzvləri bərabər hüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:
3.5.1. təşkilatın idarəçiliyində iştirak etmək;
3.5.2. təşkilatın hər hansı seçkili orqanına seçmək və seçilmək;
3.5.3. təşkilatın təşkil etdiyi tədbirlərdə iştirak etmək;
3.5.4. təşkilatın fəaliyyəti barədə məlumat almaq;
3.5.5. müxtəlif layihə və proqramlarla çıxış etmək;
3.5.6.öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün təşkilata müraciət etmək.
3.7. Təşkilatın üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.
3.8. Təşkilatın üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
3.8.1. təşkilatın Əsasnaməsinə əməl etmək;
3.8.2. gördüyü işlərə məsuliyyətlə yanaşmaq;
3.8.3. təşkilatın seçkili orqanlarının qərarlarını yerinə yetirmək.
3.9. Təşkilatın üzvünün fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:
3.9.1. təşkilat ləğv edildikdə;
3.9.2. könüllü olaraq təşkilatın üzvlüyündən çıxdıqda;
3.9.3. təşkilatın üzvlüyündən çıxarıldıqda.
3.10. Təşkilat üzvünün üzvlüyünə xitam verilməsindən narazı qaldığı halda İdarəetmə Şurasına şikayət etmək hüququ var.
- Təşkilatın strukturu
4.1 Təşkilat aşağıdakı strukturlara malikdir:
4.1.1. qrup təşkilatı;
4.1.2. fakültə təşkilatı;
4.1.3. ali və orta ixtisas təhsili müəssisəsi (universitet, akademiya, institut, konservatoriya, kollec, texnikum) üzrə təşkilatı.
4.2. Qrup təşkilatı ən azı 3 (üç) nəfərdən ibarət olan tələbə – gənclər təşkilatının ilk özəyidir.
4.3. Qrup təşkilatının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.
4.4. Qrup təşkilat üzvlərinin sayı 20-dən çox olduğu təqdirdə sədr və sədr müavini daxil olmaqla 5 (beş) nəfərdən ibarət İdarə Heyəti seçilir.
4.5. Qrup təşkilatının İdarə Heyəti, üzvlərinin təşəbbüslərini fakültə İdarə Heyətinin diqqətinə çatdırır və fakültə üzrə qəbul edilən fəaliyyət proqramının qrup daxilində icra olunmasını təmin edir.
4.6. Qrup təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 2 (iki) dəfə keçirilir.
4.6. Fakültə təşkilatı fakültə üzrə olan qrupların ən azı yarısında özəklər fəaliyyət göstərdiyi təqdirdə yaradılır.
4.7. Fakültə təşkilatının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.
4.8. Fakültə üzrə qrup təşkilatlarını təmsil edən nümayəndələrdən, sədr və sədr müavini daxil olmaqla ən azı 7 (yeddi) nəfərdən ibarət İdarə Heyəti formalaşdırılır.
4.9. İdarə Heyəti fakültə təşkilatı üzvlərinin təşəbbüslərini Təşkilatın İdarəetmə Şurasının diqqətinə çatdırır və onun qəbul etdiyi fəaliyyət proqramının fakültə daxilində icra olunmasını təmin edir.
4.10. Fakültə təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 1 (bir) dəfə keçirilir.
- Təşkilatın idarəetmə orqanları
5.1. Təşkilatın idarəetmə orqanları aşağıdakılardır:
5.1.1. Konfrans;
5.1.2. İdarəetmə Şurası;
5.1.3. Təftiş Komissiyası
KONFRANS
5.2. Təşkilatın ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Konfransdır.
5.3. Konfrans nümayəndələrinin seçilməsi təhsil müəssisəsində tələbələrin sayına əsasən formalaşdırılır və İdarəetmə Şurası tərəfindən təsdiqlənir.
5.4. Üzvlərin yarıdan çoxunun yazılı müraciətinə və İdarəetmə Şurasının qərarına əsasən növbədənkənar Konfrans çağrıla bilər.
5.5. Konfransın çağırılması barədə təşkilatın üzvlərinə ən azı 20 (iyirmi) gün qalmış məlumat verilməlidir.
5.6. Konfransın səlahiyyətinə aşağıdakılar aiddir:
5.6.1. İdarəetmə Şurasının və Təftiş Komissiyasının seçilməsi;
5.6.2. İdarəetmə Şurasının say tərkibinin müəyyənləşdirilməsi;
5.6.3. təşkilatın Əsasnaməsinə dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi;
5.6.4. təşkilatın strukturunda dəyişikliklərin edilməsi;
5.6.5. təşkilatın icra orqanlarının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
5.6.6. təşkilatın illik hesabatının təsdiq edilməsi;
5.6.7. təşkilat üzvlərinin şikayət və müraciətlərinin dinlənilməsi;
5.6.8. təşkilatın icra orqanlarının rəhbərlərinin hesabatlarının dinlənilməsi.
5.7. Konfrans nümayəndələrinin yarısından çoxu (50%+1) iştirak etdikdə səlahiyyətli hesab olunur.
5.8. Konfransda müzakirə olunan məsələlər haqqında qərar nümayəndələrin sadə səs çoxluğu ilə qəbul edilir.
5.9. Konfransda yazılı protokol aparılır, protokol Konfransın sədri və katibi tərəfindən imzalanır.
İDARƏETMƏ ŞURASI
5.10. İdarəetmə Şurası konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik
edir. Şuranın say tərkibi Konfrans tərəfindən müəyyənləşdirilir.
5.11. İdarəetmə Şurasının say tərkibi aşağıdakı şəkildə müəyyən edilir:
5.11.1. hər fakültədən 2-3 nəfər olmaq şərti ilə;
5.11.2. fakültələrin sayı 5-dən az olan ali və orta ixtisas təhsili müəssisələrində
fakültələr üzrə kvotalar artırıla bilər;
5.11.3. İdarəetmə Şurasının say tərkibi 11 nəfərdən az olmamalıdır.
5.12.İdarəetmə Şurası iki il müddətinə seçilir.
5.13. İdarəetmə Şurasının üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:
5.13.1. bakalavr yaxud magistr təhsilini başa çatdırdıqda
5.13.2.təhsilini Azərbaycanın digər ali və orta ixtisas təhsili müəssisələrində və ya
Azərbaycanın hüdudlarından kənarda davam etdirdikdə;
5.13.3. səbəbsiz olaraq İdarəetmə Şurasının iclaslarında ardıcıl olaraq 3 (üç) dəfə iştirak etmədikdə;
5.13.4. öz istəyinə əsasən.
5.14. İdarəetmə Şurası Təşkilatın sədrindən, sədr müavinlərindən və üzvlərdən
ibarət olan kollegial orqandır.
5.15. İdarəetmə Şurasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilir və aşağıdakı səlahiyyətlərə malikdir:
5.15.1. təşkilatın üzvlüyünə qəbul və üzvlükdən azad edir;
5.15.2. təşkilatın icra orqanlarını yaradır;
5.15.3. təşkilatın fəaliyyət planlarını və layihələrini təsdiq edir;
5.15.4. Konfransın səlahiyyətinə aid olan məsələlərdən başqa bütün təşkilati məsələlər üzrə qərarlar qəbul edir.
5.16. İdarəetmə Şurasının yığıncaqları onun üzvlərinin yarıdan çoxu (50%+1) iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
5.17. İdarəetmə Şurasının növbədənkənar iclası İdarəetmə Şurasının üzvlərinin
2/3-nin tələbinə əsasən çağrıla bilər.
5.18. İdarəetmə Şurasının işinə sədr rəhbərlik edir.
5.19. Təşkilatın sədri İdarəetmə Şurası tərəfindən gizli səs vermə yolu 2 (iki) il
müddətinə (yenidən seçilmək hüququ ilə) seçilir. 5.20. Sədr vəzifəsinə bir namizəd
iki dəfədən artıq seçilə bilməz.
5.21. Təşkilatın sədrinin səlahiyyətləri:
5.21.1. təşkilatın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, icraedici və
sərəncamverici funksiyalar daşıyır;
5.21.2. təşkilatı təmsil edir və onun adından çıxış edir;
5.21.3. İdarəetmə Şurasının iclaslarına rəhbərlik edir;
5.21.4. Konfransın və İdarəetmə Şurasının qərarlarının icrasını təmin edir;
5.21.5. Konfrans tərəfindən üzərinə qoyulan digər funksiyaları həyata keçirir;
5.21.6. hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyinə təqdim edir;
5.21.7. öz fəaliyyəti ilə bağlı Konfrans qarşısında hesabat verir.
5.22. Təşkilatın sədri olmadıqda, onun səlahiyyətlərini sədr müavinlərindən biri həyata keçirir.
5.23. Sədr müavinləri İdarəetmə Şurası tərəfindən gizli səs vermə yolu 2 (iki) il müddətinə (yenidən seçilmək hüququ ilə) seçilir. Təşkilatın sədr müavini eyni zamanda İdarəetmə Şurasının sədr müavinidir.
5.24. Sədr müavini vəzifəsinə bir namizəd 2 (iki) dəfədən artıq seçilə bilməz.
TƏFTİŞ KOMİSSİYASI
5.25. Təşkilatın Təftiş Komissiyası (TK) təşkilatın seçkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Əsasnaməyə uyğun olması üzərində nəzarəti həyata keçirir. TK-nın say tərkibi 5 (beş) nəfərdən ibarət olmaqla Konfrans tərəfindən 2 (iki) il müddətinə seçilir.
5.26. TK təşkilatın orqanlarından və üzvlərindən daxil olan ərizələrə 10 (on) gün müddətində baxıb cavab verməlidir.
5.27.TK-nın tərkibinə seçilmiş şəxslər İdarəetmə Şurasında təmsil olunmamalıdır.
- Təşkilatın fəaliyyətinin təşkili, əmlakı, layihə və proqramları
6.1. Təşkilatın fəaliyyət göstərməsi üçün ali və orta ixtisas təhsili müəssisələrinin ayırdığı sahə (otaq) və texniki avadanlıq şərti olaraq təşkiltatın əmlakı hesab edilir.
6.2. Təşkilatın maliyyə fəaliyyəti ali və orta ixtisas təhsili müəssisələrinin ayırdıqları maliyyə vəsaitləri, həmçinin sponsorlar, könüllü ianələr və qanunla qadağan olunmamış digər mənbələr hesabına həyata keçirilir.
6.3. Təşkilat həyata keçirəcək tədbirlər üçün layihə təklifi ilə çıxış edir. Yalnız layihə təklifi bəyənildikdən sonra onun maliyyələşdirilməsi ali və orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Layihə təklifi eyni zamanda xarici təşkilatlardan alınmış qrant hesabına maliyyələşdirilə bilər.
6.4.Təşkilat tələbələrin maraqlarını nəzərə alaraq, müxtəlif sahələr üzrə proqramlar hazırlayır, onun ali və orta ixtisas təhsili məktəbləri, dövlət orqanları, qeyrihökumət təşkilatları, beynəlxalq təşkilatlar və donorlarla əlaqəli formada həyata keçirir.
VII. Təşkilatın fəaliyyətinə xitam verilməsi
7.1. Təşkilatın fəaliyyətinə, yenidən təşkili və ya ləğv edilməsinə Gənclər və
İdman Nazirliyinin, Təhsil Nazirliyinin müvafiq qərarı və ya Konfransın qərarı ilə xitam verilir.
7.2. Təşkilatın fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
VIII. Yekun müddəalar
8.1. Bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
8.2. Gələcəkdə bu Əsasnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.
Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK)
Tələbələr hər zaman gənclərin ən aktiv hissəsi olaraq tanınıblar. Təbii ki, bu enerjini tənzimləyən, onu doğru istiqamətə aparan və ona kömək edən strukturlara böyük ehtiyac duyulmaqdadır.
Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixi 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi iıə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində də Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Təşkilatın idarə heyətində sədr, sədrin müavinləri və aktiv üzvlər də daxil olmaqla 10 nəfər tələbə fəaliyyət göstərir.
Tələbə həmkarlar komitələri yuxarı təşkilatların dəstəyi ilə tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, çətin həyat durumlarına maddi dəstək verilməsi, işlə təmin olunmasına yardım göstərirlər.
Sovet dönəmində ali təhsil məktəblərində tələbələrin problemləri ilə bir neçə təşkilat məşğul olurdu: partiya, komsomol və həmkarlar təşkilatları. Yeni formalaşmış müasir sistemdə isə həmkarlar təşkilatlarının rolu daha da artmışdır.
Bu nöqteyi-nəzərdən Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyəti böyük önəm daşıyır. 20 mindən artıq bakalavr, magistr və aspirant kollektivini özündə birləşdirən, dövlət qeydiyyatından keçmiş yeganə ictimai tələbə təşkilatı olan THİK universitetin idarə olunmasında da yaxından iştirak edir. Belə ki, təşkilatın fakültə nümayəndəsi Fakültə Elmi Şurasının, Komitənin sədri isə Universitetin Böyük Elmi Şurasının tamhüquqlu üzvüdür. Bakı Dövlət Universitetində tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda bu qurumun rəyi nəzərə alınır.
THİK-nın strukturu:
Təşkilatın rəhbər orqanları - Konfrans, Komitə və İdarə Heyətidir. Konfrans ən ali orqan olub 2 ildə bir dəfə çağırılır. 41 nəfərdən ibarət olan Komitə isə konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. Komitənin iclasları ayda 1 dəfə çağırılır. Təşkilata operativ nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 7 nəfərdən ibarətdir.