Axundova Nərgiz Çingiz qızı 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin «ərəb dili» şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin ixtisasartırma fakültəsində ərəb dili müəllimi, 1983-1986-cı illərdə tarix fakültəsində əyani aspirant, 1986-2012-ci illərdə BDU-nun «Asiya və Afrika ölkələri tarixi» kafedrasında baş laborant, müəllim, dosent, professor vəzifəsində çalışıb. 2012-ci ilin oktyabr ayından AMEA A.M.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. N.Ç.Axundova Tarix institutunda işlədiyi müddətdə həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətində özünü yüksək ixtisaslı və bacarıqlı bir mütəxəssis kimi göstərmişdir. Üç doktorant, iki dissertantın elmi rəhbəridir. İxtisaslaşmış Elmi Şuranın üzvüdür.
1987-ci ildə «Suriya Ərəb Respublikasının ictimai-siyasi həyatında islamın rolu (1963-1981-ci illər)» adlı tarix üzrə fəlsəfə doktoru dissertasiyasını (SSRİ Nazirlər Kabineti yanında AAK-ın 23 mart 1988-ci il tarixli qərarı ilə, diplom ИT № 012482) və 2007-ci ildə «Abbasilər Xilafətinin hərbi-siyasi strukturunda türklərin rolu» adlı tarix üzrə doktoru dissertasiyasını (AAK-ın 25 yanvar 2008-ci il tarixli iclas protokolu №03-R, diplom ED № 01006) müdafiə etmişdir.
N.Ç.Axundova 3 monoqrafiyanın, 3 dərsliyin, 2 dərs vəsaitinin, 11 tədris proqramının, 79 məqalənin müəllifidir, respublika və beynəlxalq elmi konfransların iştirakçısıdır. Onun çapdan çıxmış 3 monoqrafiyası («Ərəb xilafətinin dövlət idarəçilik sistemində türklər», «Qafqaz və böyük türk imperiyaları», «Ərəb ölkələri çağdaş tarixi») xüsusilə diqqətə layiqdir. O, doktorluq dissertasiyasının müdafiəsindən sonra çap edilmiş bir dərs vəsaitinin («Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi»), 2 monoqrafiyanın («Qafqaz və böyük türk imperiyaları», «Ərəb ölkələri çağdaş tarixi»), bir tədris proqramının («Ərəb ölkələri tarixi») və 20 elmi məqalənin müəllifidir. N.Ç.Axundova 2014-cü il iyun ayının 30-da AMEA-nın müxbir üzvü seçilmişdir.
“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Tarix, Arxeologiya və Antropologiya” üzrə redaksiya heyətinin üzvüdür.