Tələbələrimiz beynəlxalq forumda

Şərqşünaslıq fakültəsinin tələbələri 7–8 sentyabr 2026-cı il tarixlərində Mərakeşin Rabat şəhərində təşkil edilən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Məhəmməd bin Rəşid Əl Maktum Bilik Fondu (MBRF) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən birgə təşkil edilən V Gənclər Bilik Forumunda ICESCO-nun Bakıdakı Regional Ofisində tədbirə onlayn şəkildə qoşulublar. İki gün davam edən bu tədbirdə "rəqəmsal əkiz" (digital-twin) texnologiyasından istifadə olunub; belə ki, Rabat Forumun əsas mərkəzi kimi çıxış edərək Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyasının Tatarıstan Respublikasındakı digər dörd mərkəzlə əlaqələndirilib. Bu model gənc iştirakçılara Forumun sessiya və seminarlarında real vaxt rejimində iştirak və qarşılıqlı əlaqə yaratmaq imkanı verib ki, bu da İslam dünyasında keçirilən beynəlxalq forumlarda ilk dəfə tətbiq olunan novator təcrübədir. Müzakirələr zamanı böhranlara qarşı effektiv tədbirlərin hazırlanmasında və çətinliklərin davamlı inkişaf üçün imkanlara çevrilməsində gənclərin mənalı iştirakının vacibliyi vurğulanıb.