“Dəyişən xəritə, yazılan tarix”

(BDU) “YENİ Klub”unun Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib.
Tədbir 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına və tarixi Zəfərə aparan yola həsr olunub.
Tədbirin moderatoru Ləman Yusifova çıxışı ilə tədbirin mövzusunu təqdim edərək Vətən müharibəsinin tarixi əhəmiyyətini və layihənin əsas ideyasını vurğulayıb. O, tədbir boyunca çıxışları əlaqələndirərək proqramın ardıcıl və məzmunlu şəkildə davam etməsini təmin edib.
Tədbirdə çıxış edən Keyfiyyət təminatı Mərkəzinin Monitorinq, təhlil və akkreditasiya şöbəsinin böyük mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Anar Həmidov Vətən müharibəsinin tarixi əhəmiyyəti, müharibə dövründə baş verən hadisələrin ardıcıllığı və Azərbaycanın qazandığı Zəfərin ölkənin gələcəyi baxımından əhəmiyyəti barədə danışıb.
Layihə çərçivəsində 44 günlük müharibənin gedişi, oktyabr ayında baş verən mühüm hadisələr və Azərbaycan ərazilərinin işğaldan azad olunması vizual materiallar və tarixi faktlar əsasında təqdim edilib. Xəritələr və arxiv materialları vasitəsilə müharibənin gedişində baş verən dəyişikliklər izlənilib, tarixi hadisələrlə onların nəticələri arasında əlaqə yaradılıb.
Tədbirin əsas məqsədi gənclərin Azərbaycanın müasir tarixi haqqında biliklərini genişləndirmək, Vətən müharibəsinin əhəmiyyətini daha dərindən anlamaq və tarixi həqiqətlərin faktlara əsaslanaraq təqdim edilməsinə töhfə vermək olub.
Görüş iştirakçıların mövzu ilə bağlı müzakirələri ilə davam edib.