“Qalib xalqın Zəfər Salnaməsi”
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qalib xalqın Zəfər Salnaməsi” adlı tədbir keçirilmişdir. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilimiş, daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan açılış nitqində Azərbaycan xalqının tarixində xüsusi yeri olan, qürur və iftixar mənbəyinə çevrilən Zəfər Gününün önəmindən danışmış, 8 Noyabr – Zəfər gününün xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, Vətən sevgisinin və qəhrəmanlığın təntənəsi olduğunu qeyd etmişdir.
Daha sonra Şərqşünaslıq fakültəsinin məzunu olmuş, “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə medallarıyla təltif olunmuş şəhid Vüqar Məmmədovun anası Əsmər Məmmədova çıxış edərək şəhid ailələrinin keçdiyi mənəvi yoldan və qəhrəman övladlarımızın Vətən qarşısındakı fədakarlığından danışmışdır.Tədbirdə, həmçinin Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Vətən müharibəsi qazisi, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, Şuşa, Cəbrayıl, Kəlbəcər, Xocavənd və Qubadlının azad olunmasına görə medallarıyla təltif edilən, hazırda Media və Yayım Şurasında sektor müdiri vəzifəsində çalışan Vasif Dilavərzadə, eləcə də Şərqşünaslıq fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı, Kəlbəcərin azad olunmasına görə medalıyla təltif edilmiş qazi Aqil Əsədli çıxış etmişlər. Qazilərimiz müharibə dövründə yaşadıqları təcrübələri bölüşərək Zəfərin əldə olunmasında Azərbaycan əsgərinin göstərdiyi şücaət və fədakarlıqlardan bəhs etmişlər.Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmiş,. Şərqşünaslıq fakültəsinin tələbəsi Səyyarə Rəhimzadə Böyük Zəfərimizə həsr olunmuş şeir səsləndirmişdir. Tədbirin sonunda qonaqlara suallar verilmişdir. Zəfər Gününün tarixi əhəmiyyətinin gələcək nəsillərə çatdırılması, milli yaddaşın qorunması və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsində xüsusi əhəmiyyət daşıdığı qeyd edilmişdir.