“Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri“
-lg.jpg)
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti, Əsmətxanım Məmmədova Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə AMEA-nın Gəncə Bölməsində 30-31 oktyabr 2026-cı il tarixlərində “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri“ mövzusunda II Beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edərək müstəqil dövlətimizin banisinin heykəlinin önünə gül dəstələri düzmüş, onun əziz xatirəsinə bir daha dərin ehtiramı bildirmişlər.
Daha sonra konfrans iştirakçıları AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunun qarşısında bu elm ocağında aparılan elmi tədqiqatlardan, o cümlədən nizamişünaslığa aid nailiyyətlərdən bəhs edən sərgi ilə tanış olmuşlar.
AMEA Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Beynəlxalq konfransı giriş sözü ilə açaraq iştirakçıları və qonaqları dahi şair və mütəfəkkir Nizaminin doğma yurdu, qədim ilə müasirliyin, milli və ümumbəşəri dəyərlərin qovuşduğu məkan olan Gəncə şəhərində salamlamış, mötəbər elmi forumun işinə uğurlar arzulamışdır. Konfransın Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği istiqamətində milli elmi düşüncənin və beynəlxalq əməkdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət daşıdığıbnı qeyd etmişdir.
Plenar iclasda Əsmətxanım Məmmədova “Xaqani Şirvani və Nizami Gəncəvi əsərlərində vurğunun semantik diferensiasiyadakı rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Mövzu klassik fars dili ilə bağlı olduğundan maraqla qarşılanmışdır. Məruzəçiyə mövzusu ilə əlaqədar suallar verilmiş və müzakirələr aparılmışdır.
Akademik Fuad Əliyev yorulmaz nizamişünas, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədovanı yubiley yaşı münasibətilə təbrik etmiş, Gəncə Bölməsi adından ona fəxri fərman və hədiyyə təqdim etmişdir.