İslamşünaslıq Elmi Tədiqiqat Mərkəzində elmi seminar
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq Elmi Tədiqiqat Mərkəzində elmi seminar keçirilmişdir. Mərkəzin böyük elmi işçisi Mahir İsrafilov “Heydər Əliyev və milli mənəvəi dəyərlər” mövzusu ilə bağlı təqdimat etmişdir. Məruzəçi əsas olaraq bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə etmişdir. Mahir İsrafilov Ümummilli liderin hələ sovet hakimiyyəti illərində ölkəyə rəhbərlik etdiyi vaxtlarda böyük çətinliklərlə Cəmşid Naxçıvanski adına hərbi litseyi təsis etməsi, görkəmli ədib Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Naxçıvana gətirdərək, onun qəbirüstü abidəsinin təşkil etməsi ilə bağlı dəyərli məlumatları qeyd etmişdir. Mərkəzin elmi işçisi Əli Babayev Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gərgin fəaliyyətindən, onların milli mənəvi dəyərlərimizə verdiyi töhvələrdən söhbət açmışdır. Əli Babayev qeyd etmişdir ki, hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət- ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir və hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir. Məruzəçi Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizdə erməni saxtakarlıqlarına, vəhşiliyinə məruz qalan tarixi abidələrimizin, məscidlərimizin, kilsələrimizin bərpası, yenidən qurulması ilə bağlı fərmanının milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, gələcək nəsillərə və dünyaya təqdim edilməsinə ən böyük töhvə olduğunu vurğulamışdır.