Tələbələrimiz Heydər Əliyev Muzeyində

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə I kurs tələbələri universitetdə yerləşən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ziyarət zamanı tələbələrə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, təhsil illəri, siyasi fəaliyyəti, dövlətçilik tariximizdəki rolu, eləcə də Azərbaycanın inkişafı naminə həyata keçirdiyi mühüm işlər haqqında ətraflı məlumat verilib. Həmçinin Ulu Öndərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrində gördüyü işlər, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətindəki xidmətləri diqqətə çatdırılıb.
Muzeydə tələbələr Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və tarixi materiallarla tanış olublar. Təqdim olunan məlumatlar vasitəsilə tələbələr Ulu Öndərin zəngin siyasi irsi, dövlətçilik prinsipləri və Azərbaycan tarixindəki mühüm xidmətləri barədə biliklərini daha da genişləndiriblər.