BDU-nun professoru Vüqar Qaradağlının 60 illik yubileyi qeyd olunur

24 noyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Vüqar Qaradağlının 60 yaşı tamam olur.
Vüqar Qaradağlı 1966-cı il noyabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1983–1990-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatı üzrə ali təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildə Ərəb filologiyası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamış, sonrakı illərdə müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1994–1999-cu illərdə BDU-nun İlahiyyat fakültəsinin dekan müavini, 1991–1992-ci illərdə isə universitetin Tədris hissəsinin böyük inspektoru olmuşdur. 1999–2006-cı illərdə “Lider TV&R Media-Holdinq” şirkətinin baş direktoru, 2012–2017-ci illərdə “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin prezidenti vəzifələrində çalışmışdır. Hazırda Ərəb filologiyası kafedrasının müdiri kimi fəaliyyətini davam etdirir.
Vüqar Qaradağlı 2005-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, 2009-cu ildə dosent elmi adına layiq görülmüş, 2024-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.
Professor Vüqar Qaradağlı 36 elmi məqalə və 11 tezisin müəllifidir. Akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyevin müəllifliyi ilə Azərbaycan dilində nəşr olunan Qurani-Kərimin 17 nəşrinin redaktoru, 25 kitabın redaktoru və 4 kitabın elmi məsləhətçisi olmuşdur. Alimin müəllifi olduğu “Vətən dili”, “Müasir ərəb ədəbi dili fonetikasının tədrisi”, “Təcvid”, “Qurani-Kərimin transliterasiyası” və digər əsərlər ərəb dili və Quranşünaslıq sahələrində mühüm elmi-metodik əhəmiyyət daşıyır. 2025-ci ildə “Ərəb ədəbi dilində feilin təsnifi və təsrifi” dərs vəsaiti və “Quran qiraət fərqləri” monoqrafiyası, 2026-cı ildə isə ingilis dilində “Qur’ān. Phonetic Transcription. A Phonetic Corpus of the Qur’ān” və “Arabic Verbs. Classification and Conjugation. A Study Guide” kitabları nəşr olunmuşdur.
Vüqar Qaradağlı Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülmüş, 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə yubiley medalı ilə təltif edilmişdir.
Hazırda professor Vüqar Qaradağlı bakalavriat səviyyəsində “Ərəb dili” və “Əlavə Şərq (ərəb) dili” fənlərini tədris edir, magistr dissertasiyalarına, buraxılış işlərinə, tədris və elmi-tədqiqat təcrübələrinə rəhbərlik edir. Onun çoxillik elmi-pedaqoji fəaliyyəti, zəngin təcrübəsi və təşkilatçılıq bacarığı Azərbaycan şərqşünaslıq elminin, xüsusilə ərəb filologiyasının inkişafına və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verir.
Bu əlamətdar yubiley münasibətilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kollektivi adından professor Vüqar Qaradağlını səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, elmi-pedaqoji fəaliyyətində yeni nailiyyətlər və yetirmələrinin uğurlarına şahid olacağı xoş illər arzulayırıq.
60 illik yubileyiniz mübarək, hörmətli Vüqar müəllim!
Bakı Dövlət Universiteti
Şərqşünaslıq fakültəsi