Yazıçı Günel Anarqızının “Sərhədsiz səma” kitabının müzakirəsi
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin(TEC) və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə yazıçı Günel Anarqızının “Sərhədsiz səma” kitabının müzakirəsi təşkil olunmuşdur.Tədbiri Filologiya “Türk dili və ədəbiyyatı” ixtisasının III kurs tələbəsi Mustafayeva Məhluqə açıq elan etmişdir. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan iştirakçıları salamlayaraq belə ədəbi görüşlərin tələbələrin mütaliəyə marağının artırılması, milli-mənəvi dəyərlərin təbliği və gənclərin yaradıcı düşüncəsinin inkişafı baxımından əhəmiyyətini vurğulamışdır.
Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilərək kitabın mövzusunun məhz Qarabağ müharibəsinə həsr olunduğu vurğulanmışdır. Daha sonra yazıçı, publisist, şair və tərcüməçi Günel Anarqızının həyat və yaradıcılıq yolu haqqında məlumat verilmişdir. Onun jurnalistika və ədəbiyyat sahəsindəki fəaliyyəti, Azərbaycan ədəbi mühitinə verdiyi töhfələr, həmçinin Qarabağ mövzusuna, milli yaddaşa və Vətən sevgisinə həsr olunan əsərləri diqqətə çatdırılmışdır. Günel Anarqızının həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunmuşdur.
Daha sonra tədbirin qonağı, yazıçı Günel Anarqızına söz verilmişdir. Günel xanım çıxışında məzunu olduğu doğma fakültəsində tələbələrlə biraraya gəlməkdən böyük məmnunluq duyduğunu bildirmiş, gənclik dövrünün insanın həyatının ən gözəl, ən enerjili və ən ümidverici dövrü olduğunu vurğulamışdır. Bu dövrdə insanın qazandığı biliklərin, formalaşdırdığı dünyagörüşünün və qarşısına qoyduğu məqsədlərin onun gələcək həyatında mühüm rol oynadığını qeyd etmişdir.
Günel Anarqızı bir yazıçı kimi kitabın insanın ən yaxın dostu, bilik və mənəviyyat mənbəyi olduğunu, kitab oxumağın insanın düşüncəsini zənginləşdirdiyini, dünyagörüşünü genişləndirdiyini, onu həssas və düşüncəli olmağa sövq etdiyini dilə gətirmişdir. Hər bir gəncə mütaliəyə vaxt ayırmağı, müxtəlif müəlliflərin əsərləri ilə yanaşı Azərbaycan ədəbiyyatı nümunələrini də oxumağı, öyrəndiklərini təhlil edərək müstəqil düşünmək bacarığına yiyələnməyi tövsiyə etmişdir. Günel Anarqızı çıxışında “Sərhədsiz səma” əsərinin yazılma tarixini, eləcə də əsərin şanlı qələbəmizə həsr olunduğunu ifadə etmişdir.
Tədbirin əsas hissəsində isə Filologiya “Türk dili və ədəbiyyatı” ixtisasının 3-cü kurs tələbəsi Günay Namazova “Sərhədsiz səma” kitabının məzmunu, ideya istiqaməti və bədii xüsusiyyətləri haqqında ətraflı məlumat vermiş, kitabda yer alan “Şuşam”, “Ataya məktub”, “Bayrağa ithaf”, “Şəhərim”, “Sonsuzluq” kimi əsərlər, eləcə də “Altıncı” povesti
xüsusilə Qarabağ mövzusu, Vətən müharibəsinin mənəvi izləri, milli kimlik, doğma dilə və torpağa bağlılıq məsələləri vurğulanmışdır. Tədbirdə Filologiya “Əəb dili və ədəbiyyatı” ixtisasının 1-ci kurs tələbəsi Nəzrin Şirinli kitabdan seçilmiş hissələr və vətənpərvərlik ruhunu əks etdirən mətnlər səsləndirmişdir.
İnteraktiv formatda davam edən müzakirənin yekununda müəllifə əsərlə bağlı suallar ünvanlanmış, əsərin ideyası və milli-mənəvi dəyərlərin ədəbiyyatda təcəssümü ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbirin sonunda tələbələrə müəllif tərəfindən imzalı kitablar təqdim olunaraq yekunda xatirə fotosu çəkilmişdir.