2026-2027-ci tədris ilində doktorantura pilləsinə daxil olmuş doktorantlarla görüş keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində 2026-2027-ci tədris ilində doktorantura pilləsinə daxil olmuş doktorantlarla görüş keçirilmişdir. Görüşdə Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə doktorantların hüquq və vəzifələri haqqında məlumat vermiş, onlara elmi fəaliyyətin əhəmiyyətini vurğulamış, bu mərhələdə yüksək məsuliyyət, tədqiqatçılıq bacarığı və elmi etikaya riayət etmək tələb olunduğunu qeyd etmişdir. Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Mehdi Kazımov çıxışında doktorantura pilləsinin elmi axtarışa, yeni biliklərin əldə olunmasına və elmin inkişafına töhfə verməyə doğru atılan mühüm addım olduğunu bildirmişdir. Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli də nitqində doktorantura pilləsinin insanın dünyagörüşünün formalaşmasında, müstəqil tədqiqat aparmaq qabiliyyətinin inkişafında və gələcək elmi fəaliyyətilərinin istiqamətinin müəyyənləşməsində mühüm rol oynadığını dilə gətirmiş, tədqiqat mövzusuna ciddi yanaşmaq, elmi rəhbərlə sıx əməkdaşlıq etməyi tövsiyə etmişdir. Görüşdə Bakı Dövlət Universitetinin Doktorantura şöbəsinin mütəxəssisi Aişə İsmayılzadə çıxış edərək doktorantlara illik elmi hesabatları, attestasiya, ixtisas imtahanları və digər öhdəçilikləri haqqında məlumat vermişdir.