Şərqşünaslıq fakültəsində “Şərqşünaslıq fakültəsinin 99-cu ildönümü” ilə əlaqədar dəyirmi masa
2 Aprel 2021 20:44
Şərqşünaslıq fakültəsi “30 gün Şərq” layihəsinin yekunu və “Şərqşünaslıq fakültəsinin 99-cu ildönümü” ilə əlaqədar dəyirmi masa keçirmişdir.
Şərqşünalıq fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “30 gün Şərq” layihəsi çərçivəsində “Şərqşünaslıq fakültəsinin 99-cu ildönümü” ilə əlaqədar onlayn dəyirmi masa keçirmişdir. Dəyirmi masa mart ayı boyunca davam edən fakültənin görkəmli məzunları ilə görüşlərin son mərhələsi olmaqla, fakültənin təsisinin 99-cu ildönümü münasibəti ilə görkəmli məzunlar, professor və müəllim heyəti və tələbə kollektivinin iştirakı ilə keçirilmişdir.
Dəyirmi masa fakültənin dekanı, professor Elxan Əzizov tərəfindən açılış nitqi ilə başlamışdır. Dekan fakültənin tarixi ilə əlaqədar qısa oçerk təqdim etmiş, layihə boyu görkəmli məzunlarla görüşlərin əhəmiyyətindən, bu istiqamətdə məzunlarla əlaqələrin gücləndirilməsi və fakültənin 99-cu il dönümü ilə əlaqədar olaraq, o cümlədən 100-cü ilə doğru prioritetlərin müəyyənləşdirilməsi istiqamətində çıxış etmişdir.
Fakültənin məzunu, Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə çıxış edərək, doğma fakültənin professor və müəllim heyəti, o cümlədən tələbə kontingenti ilə görüşməkdən məmnunluq hissi duyduğunu ifadə etmiş, fakültənin məzunu kimi xaricdəki diplomatik missiyasından söz açmış, fakültə ilə əlaqələrdə perspektiv vəd edəcək tədbir və proqramlar üzrə əməkdaşlıq etməyə daim hazır olduğunu bildirmişdir. Səfir, fakültədə mövcud olan yapon bölməsinin təsisinin əhəmiyyəti və kadrların hazırlanması məsələsinə toxunmuş, proqramlar üzrə Yaponiya universitetlərində təhsil alan tələbə və məzunlarımızın sayının artırılmasını məqsədəuyğun hesab etmişdir.
Fakültənin məzunu, Azərbaycan Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Qaley Allahverdiyev fakültə kollektivini salamlamış, tədbirdə iştirak dəvətinə görə fakültə rəhbərliyinə təşəkkürlərini bildirmişdir. Professor Qaley Allahverdiyev fakültənin potensialının artırılması, savadlı və hazırlıq gənclərin hazırlanmasının vacibliyini qeyd etmiş, bu istiqamətdə məzunların öhdəsinə düşən dəstəyi göstərməyə hazır olduğunu ifadə etmişdir.
Fakültənin məzunu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov geniş çıxışla fakültənin keçmişi, indiki vəziyyəti və gələcək inkişafı ilə bağlı fikirlərini bildirmişdir. Akademik fakültənin 100-cü ilə doğru irəlləməsinin onun tarixində yeni bir əsrin başlanğıcına işarə etdiyi üçün bu istiqamətdə bir əsrə layiq tərzdə tədbirlərin keçirilməsi, şərqşünasların dünya şərqşünaslarının iştirakı ilə qlobal konfransının keçirilməsi, konfransın təşkil olunması ilə bağlı ilkin ideya və məsləhətləri kollektivlə bölüşmüşdür. Çıxışın digər hissəsində mütəxəssis hazırlığı istiqamətində olan boşluqlar, onların hazırlanmasında olan çətinliklər və həll yolları barədə əsaslandırılmış çıxışla yadda qalmışdır. Akademik fakültə müəllimlərin sualları əsasında qeydlər etmiş, fakültəyə öz doğma yanaşması və münasibətini sərgiləmişdir.
Fakültənin digər bir məzunu, Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyevə doğma kollektivi salamlamış, fakültənin xoş günlərində iştirak etməkdən məmnunluq duyduğunu ifadə etmişdir. O, öz çıxışında fakültədə fəaliyyət göstərdiyi uzun illər ərzində keçdiyi yol, mütəxəssis yetişdirməyi özünə amal etmiş bu fakültənin nə qədər qiymətli olması, bu cür rəngarəng ixtisaslı kadrlar ordusuna, ənənələrə malik olan Şərqşünaslıq fakültəsinin daim yaşaması və inkişafının bütün ölkə elmi və ictimai-siyasi arenası üçün önəmli olduğunu qeyd etmişdir. Müəllimlərini və hazırda elmlər doktoru olmağa hazırlaşan ilk tələbələrini xatırlayan millət vəkili, bu fakültəyə mənsub olduğu üçün fəxr etdiyini bildirmişdir.
Fakültənin məzunu, Türk filologiya kafedrasının professoru, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək, fakültənin 99-cu ildönümünü ürəkdən təbrik etmiş, tələbəlik illəri daxil olmaqla 70-ci illərdən fakültənin həyatı ilə bağlı olmasını bildirmişdir. Fakültənin inkişafı və çiçəklənməsinin bütün məzunlar üçün fəxr mənbəyi olduğunu qeyd edən professor, növbəti əsrə dünya standartlarına cavab verən, öz elmi kadrları və savadlı tələbə kontingenti ilə seçilən bir fakültənin çıxmasını arzu etmişdir. Bu istiqamətdə istər fakültədə olan, istərsə də fakültəni digər qurumlarda təmsil edən məzunların əlindən gələni əsirgəməyəcəyini, öz evinə və ailəsinə dəstək vermək adı altında bacardıqlarını edə biləcəklərini bildirmişdir. Sonda bütün fakültə heyətinə dərin təşəkkür və can sağlığı arzu etmişdir.
Ardıcıl olaraq fakültənin kafedra müdirləri çıxış etmişdir. İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov fakültənin kadr potensialının gücləndirilməsi, elmi istiqamətdə mövcud problemlər, onların həll yolları barədə faydalı təkliflər vermişdir. Təkliflər istiqamətində iştirakçılar fikir mübadiləsi aparmışdır.
Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov türkologiya istiqamətində mövcud vəziyyət, elmi istiqamətdə baş verən yeniliklər, yeni perspektivlər barədə söz açmış, 100-cü ilə doğru fakültənin Türkiyə üzrə kadr və mütəxəssis hazırlığının gücləndirilməsi və ümumən fakültənin inkişafı ilə bağlı məsləhətlər vermişdir.
Uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli uzaq şərq dilləri üzrə mövcud vəziyyət, Yaponiya, Çin və Koreya üzrə ölkədəki səfirliklərin müvafiq ixtisasların inkişafına tövhəsi, əməkdaşlıq əlaqələri, xaricdən təmin edilən mütəxəssislərin şəraiti, yerli mütəxəssislərin hazırlanması barədə geniş məlumat vermiş, şərq ölkələrində olan məzun səfirlərin dəstəyi ilə yeni perspektiv vəd edən əməkdaşlıqlara hazır olduqlarını bildirmişdir.
Tədbirin sonunda verilən sualların əsasında diskusiya aparılmış, çıxışlar bitdikdən sonra tədbir yekunlaşdırılmışdır.
|
Son XƏBƏRLƏR
06.11.2024 | 17:31
Fakültəmizin müəllim və tələbələri COP29 ilə bağlı tədbirlərdə
05.11.2024 | 07:28
“Şərqşünas məzunla görüş”
04.11.2024 | 15:53
“Azərbaycan bayrağı - azadlığın və birliyin simvolu”
02.11.2024 | 08:07