“Semiotika və tərcümə”
Şərqşünaslıq fakültəsində Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Cavanşir Nadir oğlu Məmmədzadə “Semiotika və tərcümə (Azərbaycan və fars dillərinin materialları əsasında)” mövzusunda məruzə ilə çıxış etmişdir. Elmi seminar Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru Aniyə Əlirza qızı Ələkbərovanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur.
Elmi seminarın mövzusu tərcümə nəzəriyyəsi baxımından aktuallıq kəsb edir. Məruzəçi bildirmişdir ki, dildə işarənin semantik quruluşu referensial, praqmatik və dildaxili (intralinqvistik) mənalardan ibarətdir. Adıçəkilən komponentlər işarənin semantik strukturunu təşkil edir. Hər üç məna növü biri digəri ilə əlaqəli və biri digərindən asılı vəziyyətdə olur. Tərcümə prosesində hər üç məna növü hədəf mətndə öz inikasını tapır. İlk növbədə referensial, ikinci yerdə praqmatik və nəhayət, intralinqvistik məna mətndə yer alır. Tərcümə prosesində orijinal mətndəki sözlərin intralinqvistik mənaları hədəf dildəki sözlərin dildaxili mənaları ilə əvəzlənir.
Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov, dosent Əsmətxanım Məmmədova, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri, dosent Günay Verdiyeva mövzunun elmi əhəmiyyəti, dilçilikdə semiotikanın rolu və vəzifələri və s. linqvistik məsələlər barədə çıxış etmişlər. Elmi seminar məruzəçiyə ünvanlanan sualların cavablandırılması və geniş fikir mübadiləsinin aparılması ilə yekunlaşmışdır.