Nizaminin “Yeddi gözəl” əsəri ilə əlaqədar dəyirmi masa keçirib
19 mart 2021-ci ildə Şərqşünaslıq fakültəsi Nizaminin 880 illik yubileyi ilə əlaqədar fakültə miqyasında olan tədbirləri davam etdirərək, dahi şairin “Yeddi gözəl” əsəri əsasında onlayn dəyirmi masa keçirmişdir. Fakültənin dekan müavini Şahin Yusifli dəyirmi masa iştirakçılarını salamlayaraq, ölkə rəhbərinin müvafiq sərəncamından irəli gələn tezisləri yad etmiş, dahi şairin yubileyi boyunca Şərqşünaslıq fakültəsində istər professor və müəllim heyəti, istərsə də tələbələrin iştirakı ilə tədbirlərin davamlı təşkili, bu işin əhəmiyyəti və şərqşünasların prosedürə cəlb olunmasının vacibliyi barədə məlumat vermişdir. İran filologiyası kafedrasının müdiri, nizamişünas professor Mehdi Kazımov çıxış edərək “Yeddi gözəl” əsəri barəsində elmi mübahisə yaradan məqamlar, mənbələrə əsasən əsərin adı ətrafında gedən ixtilaflı fikirlər, onun kimə ithaf olunması barəsində elmi yanaşmalar, “Yeddi gözəl” əsərinə yazılan nəzirlər, əsərin ədəbi və fəlsəfi əhəmiyyəti, quruluş və ideya-tematik əsasları barəsində geniş məlumat vermişdir. İştirakçıların sualları əsasında mövzu ilə bağlı elmi polemika aparılmışdır. AMEA-nın Folklor İnstitutunun əməkdaşı, Qazaxıstan Respublikasının fəxri professoru Qalib Sayılov çıxış edərək, Nizami yaradıcılığına fərqli rakurslardan yanaşmış, şairin həyat və yaradıcılığının sovet senzurası izlərindən xilas etdilməklə, onun müasir yanaşma ilə tədqiqinin əhəmiyyətindən danışmışdır. Qalib Sayılov geniş çıxış edərək “Yeddi gözəl” əsərindəki hadisələrə sosial və fəlsəfi yanaşmalar, o cümlədən onun folklorşünaslar üçün mühüm olan müvafiq aspektləri barədə məlumat vermişdir. Növbəti çıxışçı Türk filologiyası kafedrasının dosenti Aydan Xəndan, Nizami əsərlərinin müasir gənclik, xüsusi ilə tələblər üçün əhəmiyyətindən danışmış, onun qiraətinin vacibliyini qeyd etmişdir. Türk ədəbiyyatında Nizaminin ardıcılları, “Yeddi gözəl” əsərinin türk ədəbiyyatında izləri, motivləri əsasında qələmə alınan nümunələr, Nizaminin Azərbaycan dilinə tərcüməsi, əsərdəki hekayələrin müasir dövr üçün əhəmiyyətini qeyd etmiş, Nizamidən şeirlər səsləndirmişdir. İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova çıxış edərək Nizami əsərlərinin bədii ruhu, didaktik əhəmiyyəti, dil xüsusiyyətləri, linqvopoetik hədləri barədə söz açmışdır. Nizaminin “Yeddi gözəl” əsərinin dili, burada istifadə olunun müxtəlif elm sahələrinə aid olan xüsusi leksika barədə məlumat vermiş, dahi şairinin dilinin araşdırılmasında mərhum şərqşünas Mənzərə Məmmədovanın əsərləri yad edilmişdir. Mövzu suallar əsasında davam etdirilmiş, müxtəlif elmi yanaşmalar əsasında cavablar təqdim edildikdən sonra, tədbir yekunlaşdırılmışdır.
|