Fakültəmizdə ərəb dilində danışıq klublarının təşkili istiqamətində təlim keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində Səudiyyə Ərəbistanı Krallığından dəvət olunmuş professor Ahmed Abdulhadi Tabaji fakültədə olub.
Professor Ahmed Abdulhadi Tabaji fakültənin bakalavriat səviyyəsi üzrə “Filologiya (ərəb dili və ədəbiyyatı)” və “Regionşünaslıq (Ərəb ölkələri üzrə)” ixtisaslarında, magistratura səviyyəsi üzrə isə “Tərcümə (ərəb dili üzrə)” ixtisaslaşmasında təhsil alan tələbələr üçün ərəb dili dərsləri keçib.
Təlimlərin əsas məqsədi tələbələrin ərəb dilində şifahi ünsiyyət bacarıqlarını inkişaf etdirmək, onların gündəlik həyatda istifadə olunan söz və ifadələrdən düzgün və sərbəst istifadə etmələrinə dəstək olmaq olub. Təlim zamanı tələbələr ərəb dilində dialoqlar qurmaq, fikirlərini sərbəst ifadə etmək və müxtəlif situasiyalarda ünsiyyət yaratmaq üzrə praktiki bilik və bacarıqlar əldə ediblər.
Bununla yanaşı, professor ərəb ölkələrinin mədəniyyəti, gündəlik ünsiyyət xüsusiyyətləri və danışıq dilindəki fərqlər barədə məlumat verib, tələbələrin ərəb dilinin canlı danışıq mühitinə dair biliklərinin genişləndirilməsinə töhfə verib.
Bu cür təşəbbüslər tələbələrin xarici dil biliklərinin təkmilləşdirilməsi, nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi və ərəb dilində sərbəst ünsiyyət imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.