“Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi”

Bakı Dövlət Universitetində görkəmli şərqşünas alim, dosent Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş “Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi” mövzusunda Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən rektor Elçin Babayev Əsmətxanım Məmmədovanın həyat yolunun, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin örnək olduğunu bildirib. O qeyd edib ki, Əsmətxanım Məmmədova 66 il əvvəl BDU-ya daxil olub və elə o zamandan da taleyini bu təhsil ocağı ilə bağlayıb: “Əsmətxanım Məmmədova gözəl pedaqoq, alim, ictimai-siyasi xadimdir. Nizami Gəncəvi yaradıcılığının araşdırılması onun elmi fəaliyyətindən qırmızı xətlə keçir. O, həm də 1995-2005-ci illərdə Milli Məclisin I və II çağırış deputatı kimi aktiv ictimai-siyasi fəaliyyət göstərib. Bu gün də Əsmətxanım Məmmədova dövlətimizə, azərbaycançılıq ideyalarına sadiqdir, öz bilik və bacarığını gənc nəslə aşılamaqda davam edir”.
Rektor Elçin Babayev dosent Əsmətxanım Məmmədovaya uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və 85 illik yubileyi münasibətilə fəxri fərman təqdim edib.
Sonra görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Türkiyənin Ankara Universitetinin rektoru Necdat Ünüvarın videotəbriki səslənib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun kafedra müdiri Anar İsgəndərov Əsmətxanım Məmmədovanın Azərbaycanın ictimai və elmi həyatında dərin iz qoymuş ziyalı qadınlardan olduğunu vurğulayıb. O bildirib ki, milli-mənəvi dəyərlərlə vətəndaş məsuliyyətini öz şəxsiyyətində birləşdirən görkəmli alim uzun illər ictimai-mədəni irsin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl, prinsipial fəaliyyət göstərib.
BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Əsmətxanım Məmmədovanın elmi-pedaqoji fəaliyyətinə dair məruzə edib. Bildirib ki, dosent Əsmətxanım Məmmədova 1941-ci ildə ziyalı ailəsində dünyaya göz açıb, orta məktəbi bitirdikdən sonra 1960-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsinə qəbul olunub. 1965-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirərək, fakültənin Yaxın Şərq dilləri kafedrasında baş laborant kimi elmi fəaliyyətə başlayıb. 1966-1969-cu illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunun aspirantı, 1967-1968-ci illərdə Leninqrad Dövlət Universitetinin Rus dili kafedrasının Eksperimental Fonetika Laboratoriyasının təcrübəçisi olub. 1969-cu ildən BDU Şərqşünaslıq fakültəsinin dosentidir. 1972-ci ildə “Fars dili söz vurğusunun fonetik təbiəti və yeri” adlı namizədlik dissertasiyasını müdafiə edib. Bu günə qədər Əsmətxanım Məmmədovanın fars dilinin fonetika, orfoqrafiya, morfologiya, sintaksis, leksika, üslubiyyatına aid olmaqla, 200-dək məqaləsi ölkə daxilində və xaricində işıq üzü görüb. Onun fars vurğusunun təbiətinə aid tədqiqatı fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 2007-ci ildə çap etdirdiyi “Fars dilində vurğu” adlı eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həm də ümumi dilçilik üçün faydalı elmi ümumiləşdirmələr və təcrübi nəticələrlə zəngindir. Əsmətxanım Məmmədovanın yaradıcılığının başqa bir qolunu da onun fars dilindən etdiyi tərcümələr təşkil edir. O, müasir fars nəsrinə dair 10-dan çox kiçik və böyük həcmli kitabın mütərcimidir.
Tanınmış alim xidmətlərinə görə “Qabaqcıl təhsil işçisi” fəxri nişanı, 3–cü dərəcəli “Əmək” ordeni, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı, Azərbaycan Yazıçılar İttifaqının “Qızıl Qələm” diplomu və müxtəlif fəxri mükafatlarla təltif edilib.
Milli Məclis (MM) sədrinin müavini, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru Rafael Hüseynov, MM-in Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini,Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Dövlət Sərhəd Xidmətinin Akademiyasının Azərbaycan dili və xarici dillər kafedrasının rəisi İlhamə Məmmədova, UNESCO üzre Azərbaycan Respublikası Milli Komissiyasinin birinci katibi Şahin Şabanov, MM üzvləri Səyyad Aran, Aydın Mirzəzadə və digərləri çıxışlarında dosent Əsmətxanım Məmmədovanın çoxşaxəli fəaliyyətinə nəzər salıb, onun elmi və pedaqoji yaradıcılığının gənc nəslin inkişafında və ümumiyyətlə, ölkəmizdə orta Şərq dillərinin öyrənilməsində mühüm rol oynadığını qeyd ediblər.
Daha sonra yubilyar Əsmətxanım Məmmədova elmə və alimə göstərilən bu yüksək dəyərə görə təşəkkürünü bildirib. O, həyatının mənasını Azərbaycana, elmə, təhsilə, tələbələrə sədaqətdə gördüyünü vurğulayıb, bütün həyatını məsuliyyətlə yaşadığını qeyd edib.
Konfrans öz işini bölmələr üzrə davam etdirir.