Yaşıl dünya naminə həmrəylik Quranın çağırışıdır
Şərqşünaslıq fakültəsınin, Ərəb filologiyası kafedrasınin nəzdində fəaliyyət göstərən İslamşünaslıq ETM-də elmi seminar keçirilmişdir. Seminarın məruzəçiləri Mərkəzin aparıcı elmi işçisi Yeganə Mirzəyeva və elmi işçi Əli Babayev "Yaşıl dünya naminə həmrəylik müqəddəs Quranın çağırışıdır" mövzusunda çıxış etmişlər.
İslamşünaslıq ETM-in elmi işçisi Əli Babayev məruzəsində bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə cəmiyyət-təbiət və ətraf mühit münasibətlərinə yeni tələblər qoymuşdur. Məruzəçi qeyd etmişdir ki, Azərbaycanda son 30 ildə Qarabağ münaqişəsi zamanı erməni vandalizmi tərəfindən təkcə tarixi abidələrinin deyil, ekosistemin də mühüm bir hissəsi dağıdılmış, ətraf mühit müxtəlif çirklənmələrə, ekoloji terrora məruz qalmışdır. Ə.Babayev məruzəsinin sonunda bütün bu çətinliklərə baxmayaraq, Prezident cənab İlham Əliyev tərəfindən bu bölgələrin və digər ərazilərimizin dirçəldilməsi cəmiyyət-təbiət harmoniyasını əhatə edən innovativ konsepsiyalarla həyata keçirildiyini vurğulamışdır. Mərkəzin aparıcı elmi işçisi Yeganə Mirzəyeva bildirmişdir ki, “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi bəşəri və milli mənəvi dəyərimiz olan İslam dininin də ümumbəşəri mesajlarından biridir. Belə ki, Müqəddəs Kitabımız Qurani-Kərimdə belə buyurulur: “Çardaqlı və çardaqsız bağları, dadları müxtəlif olan xurma və bitkiləri, zeytunları, narları, bir-birinə bənzəyən və bənzəməyən halda yaradan Odur. Onların hər birinin meyvəsindən yeyin və yığım zamanı haqqını verin, ancaq israf etməyin. Çünki Allah israf edənləri sevmir (Ənam surəsi, 141). Hər bir sahədə olduğu kimi, ətraf mühit mövzusunda da israf etməməyi öyrəndiyi zaman insanlıq daha da xoşbəxt olacaqdır. Elmi seminar Mərkəzin əməkdaşlarının diskussiyaları ilə davam etmişdir.