“XIX əsrin sonu XX əsrin əvvəllərində ədəbi cərəyanlar”

Şərqşünaslıq fakültəsində elmi seminar keçirilmişdir. Türk filologiyası kafedrasının dosenti Aydan Xəndan “XIX əsrin sonu XX əsrin əvvəllərində ədəbi cərəyanlar” mövzusunda çıxış etmişdir. Məruzəçi ədəbi cərəyanın müəyyən dövr ədəbiyyatını xarakterizə edən, həmin dövrdə yaşayıb-yaratmış müəlliflərin əsərlərinə xas olan ideya, məzmun üslub xüsusiyyətlərinin və bədii-estetik prinsiplərin məcmusu olduğunu qeyd etmişdir. Məruzəçi Türk ədəbiyyatının yeni mərhələyə qədəm qoyduğu XIX əsrin ortalarında elan olunan Tənzimat fərmanından sonrakı dövrdə ölkədə ictimai-siyasi şərait haqqında məlumat verərək, Avropa mədəniyyətinin türk nəsrinə və poeziyasına yeni nəfəs gətirdiyini vurğulamışdır. Bu dövrdə klassik poeziya ənənələrindən uzaqlaşaraq yeni forma və məzmunlara yol açdığı ədəbiyyatın təşəkkül tapdığını izah etmiş, Türk poeziyasının məhz Tənzimat ədəbiyyatının içərisində Qərb ədəbi cərəyanlarının təsiri altında tamamilə yeni ruhlu əsərlərlə ikinci həyatına qədəm qoyduğunu dilə gətirmişdir. Bu baxımdan XIX əsrin sonu XX əsrin əvvəllərinin türk poeziyasının yeniliklərlə dolu olan bir ədəbi hadisə olduğunu şərh etmişdir. Məruzəçi A. Xəndan eyni zamanda həmin dövr türk ədəbiyyatında yaranan romantizm, parnasizm və simvolizm ədəbi cərəyanları haqqında məlumat verərək şeirlərdən nümunələr gətirmişdir.
Elmi seminar kafedra əməkdaşlarının və tələbələrin diskussiyaları ilə davam etmişdir.