Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında elmi seminar
Şərqşünaslıq fakültəsində Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Şəbnəm Mirqədirova “Yapon dilində feilin məchul və icbar növünün əsas xüsusiyyətləri” adlanan məruzəsində Azərbaycan dili və Uzaq Şərqin maraqlı dillərindən sayılan yapon dilinin geniş mövzularından olan felin məchul və icbar növündən (Azərbaycan dili ilə müqayisəli şəkildə) söhbət açılmışdır. Burada yapon dilində olan feilin növləri haqqında məlumat verilmiş, əsasən feilin icbar növü və məchul növü geniş formada işıqlandırılmışdır. Məruzəçi qeyd etmişdir ki, Azərbaycan dili ilə müqayisədə yapon dilində felin növləri nisbətən azlıq təşkil edir. Ancaq bu heç də yapon dili qrammatikasının kasadlığına dəlalət etmir. Sadəcə hər bir dildə olduğu kimi, yapon dilinin də özünün spesifik dil qaydaları mövcuddur. Yəni bir qayda müxtəlif dillərdə müxtəlif cür özünü büruzə verir. Elmi seminarda geniş və aydın formada felin icbar və məchul növünün düzəlmə qaydaları, onların işlənmə yerləri göstərilmişdir. Həmçinin Azərbaycan dili ilə aydın formada verilən müqayisəli izah məruzənin daha anlaşıqlı olmasına zəmin yaratmışdır. Məruzəçi hər iki dilin oxşar cəhətləri olduğu kimi, fərqli cəhətlərinin də mövcud olduğunu vurğulamışdır.
Elmi seminar kafedranın müəllim, tələbə və magistrantlarının diskussiyaları ilə davam etmişdir.