Türk yazıçısı, aktyor, hüquqşünas, millət vəkili Bahadır Yenişehirlioğlu ilə “Günümüz insanının dirçəlişi” mövzusunda görüş

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Türk yazıçısı, aktyor, hüquqşünas, millət vəkili Bahadır Yenişehirlioğlu ilə “Günümüz insanının dirçəlişi” mövzusunda görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan qonağı professor-müəllim və tələbə heyətinə təqdim etmiş, Bakı Dövlət Universiteti ilə Yunus Əmrə İnstitutu arasında əlaqələrin daha da inkişaf etməsindən danışmışdır. Şərqşünaslıq fakültəsi və Bakı Yunus Əmrə İnstitutu ilə belə silsilə tədbirlərin keçirilməsinin vacibliyini vurğulanmışdır. Tədbirdə çıxış edən Yunus Əmrə İnsitutunun Bakı nümayəndəliyinin direktoru Gökhan Seyhan “Günümüz insanının dirçəlişi” mövzusunda keçirilən görüşün bugünün sürətlə dəyişən dünyasında insanın mənəvi dəyərlərini qoruması, öz kimliyini və ruhunu itirməməsi üçün önəm daşıdığını qeyd etmişdir. İnstitutun əməkdaşı Aygün Ələkbərzadə Türk yazıçısı Bahadır Yenişehirlioğlunun həyat və yaradıclığı haqqında qısa məlumat vermişdir. Daha sonra yazıçı, aktyor, hüquqşünas, millətvəkili Bahadır Yenişehirlioğlu öz həyat yolundan danışmış, yetişdiyi dövrün və mühitin çətinliklərini və öz uğurlarını dilə gətirmişdir. O, həm yazıçı kimi, ədəbiyyatın insan ruhuna təsirindən, aktyor kimi sənətin cəmiyyətin aynası olmasından, həm də hüquqşünas kimi ədalətin insan həyatında tutduğu yerdən söz açmışdır. B. Yenişehirlioğlu tələbələrə dəyərli tövsiyyələrini vermişdir. Görüşün sonunda yazıçı Bahadır Yenişehirlioğlu verilən sualları cavablandırmış və kitabını imzalayaraq iştirakçılara hədiyyə etmişdir.