Tələbələrin xaricdəki təhsil və təcrübə proqramlarına həsr olunmuş görüş

Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrinin xaricdəki təhsil və təcrübə proqramlarına həsr olunmuş görüş keçirilib. Tədbirdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan tələbələri salamlayaraq bu cür görüşlərin tələbələrin beynəlxalq təcrübəsini bölüşmək baxımından əhəmiyyətini vurğulayaraq fakültənin Koreya, Pakistan, İsrail, Ərəb ölkələri, Çin, Yaponiya və Türkiyə kimi dövlətlərin aparıcı ali təhsil ocaqları ilə geniş əməkdaşlıq əlaqələrindən bəhs edib. Daha sonra Küveyt, Yaponiya, Türkiyə və İsrail kimi ölkələrdə təhsil almış tələbələr öz təhsil proqramları və qazandıqları təcrübələr barədə çıxış ediblər. Onlar həmin ölkələrdəki təcrübələrini əks etdirən videoçarxları tədbir iştirakçılarına təqdim ediblər. Tədbir zamanı tələbələrə müxtəlif suallar ünvanlanıb, onlar da öz fikirlərini səmimi şəkildə bölüşüblər. Görüşün sonunda Şərqşünaslıq fakültəsinin dekan müavini Tərlan Məlikov çıxış edərək tədbiri yekunlaşdırıb və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.