Tələbələrimiz Tağıyevin Ev Muzeyi və Azərbaycan Tarixi Muzeyində
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyini və Azərbaycan Tarixi Muzeyini ziyarət etmişlər. Ziyarət zamanı tələbələr Hacı Zeynalabdin Tağıyevin yaşadığı evlə, onun dövrünə aid eksponatlarla yaxından tanış olmuşlar.
Muzey bənzərsiz tarixi atmosferi ilə seçilirdi — burada Tağıyevin şəxsi əşyaları, sənədləri, həyat yoldaşı Sona xanımın otağı, qədim mebellər və dövrün ruhunu əks etdirən interyer elementləri nümayiş olunmuşdur. Tələbələr hər bir otağın Tağıyevin ailə həyatı və ictimai fəaliyyətindən izlər daşıdığına nəzər salmışlar.
Ekskursiyanın davamında tələbələr Azərbaycan Tarixi Muzeyini də ziyarət edərək ölkəmizin qədim tarixini, arxeoloji tapıntıları və milli-mədəni irsimizi əks etdirən zəngin eksponatları seyr etmişlər. Burada qədim dövrlərə aid silahlar, bəzək əşyaları, məişət avadanlıqları və mədəniyyət nümunələri xüsusi maraq doğurmuşdur.
Səfər gənclərdə həm tarixi irsimizə, həm də görkəmli şəxsiyyətlərimizin həyatına maraq oyatmışdır. Bu kimi ekskursiyalar tələbələrin bilik dairəsini genişləndirməklə yanaşı, onları milli dəyərlərimizə və mədəni köklərimizə daha da yaxınlaşdırır.