“Tabesiz mürəkkəb cümlənin struktur-semantik xüsusiyyətləri“
Şərqşünaslıq fakültəsində elmi seminar keçirilmişdir. Seminarda ərəb filologiyası kafedrasının baş müəllimi Nigar Rayeva “Müasir ərəb ədəbi dilində tabesiz mürəkkəb cümlənin struktur-semantik xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi ilk növbədə ümumi dilçilikdə və ərəb dilçiliyində “mürəkkəb cümlə” və “tabesiz mürəkkəb cümlə” anlayışları və terminləri haqda qısa məlumat vermişdir. O, ənənəvi dilçilik təlimində cümlələrin “sadə cümlə” və “mürəkkəb cümlə” şəklində təsnif olunmadığını qeyd etmiş, məsələyə müasir ərəb dilçilərindən Əhməd Mütəvəkkil və İbrahim Abadənin münasibətini müqayisəli şəkildə şərh etmişdir. N. Rzayeva ərəb dilində mürəkkəb cümlələrin, o cümlədən tabesiz mürəkkəb cümlənin müasir dilçilik elmi işığında öyrənilməsinin səmərəli olmasından bəhs etmişdir. Daha sonra məruzəçi ərəb dilində tabesiz mürəkkəb cümlənin struktur növlərindən danışaraq qeyd etmişdir ki, predikativ hissələrdə xəbərlərin morfoloji forması, komponentlər arasında tabesizlik bağlayıcılarının iştitak edib - etməməsi baxımından sözügedən sintaktik vahidin müxtəlif struktur növləri mövcuddur. N.Rzayeva bu növlərin hər birinə aid cümlə nümunələri nümayiş etdirərək həm də komponentlər arasındakı məna əlaqələrini şərh etmiş və bununla tabesiz mürəkkəb cümlənin semantik xüsusiyyətləri barəsində icmal xarakterli məlumat vermişdir. Məruzəçi ərəb ədəbi dilində tabesiz mürəkkəb cümlənin semantik xüsusiyyətlərindən asılı olaraq açıq və qapalı strukturlu ola bilməsindən bəhs etmişdir. Həmçinin tabesiz mürəkkəb cümlələrin polipredikativ (qarışıq tipli) sintaktik bütövlər təşkil etməsinin də mümkün olduğunu göstərmişdir.