Şərqşünaslıq fakültəsinin tələbələri Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübəsi keçirlər
-lg.jpg)
2025/2026-cı tədris ilinin yaz semestrində Şərqşünaslıq fakültəsinin bakalavriat səviyyəsi üzrə Filologiya (ərəb dili və ədəbiyyatı üzrə) ixtisasının buraxılış kursunda təhsil alan əyani şöbənin Azərbaycan bölməsi tələbələri üçün istehsalat təcrübəsi uğurla davam edir. Təcrübə proqramı çərçivəsində tələbələr Misir Mədəniyyət Mərkəzində praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.
Təcrübənin əsas məqsədi tələbələrin nəzəri biliklərini real mühitdə tətbiq etmələrinə şərait yaratmaq, onların ərəb dili üzrə kommunikativ bacarıqlarını gücləndirmək və peşəkar fəaliyyətə hazırlıq səviyyələrini artırmaqdan ibarətdir. Bu istiqamətdə tələbələr dil daşıyıcısı olan misirli müəllimlərin iştirakı ilə təşkil olunan danışıq dərslərində fəal iştirak edir, canlı ünsiyyət şəraitində dil biliklərini təkmilləşdirirlər.
Bununla yanaşı, tələbələr mərkəzin kitabxanasında müxtəlif mətnlərin tərcüməsi ilə məşğul olur, ərəb dilindən Azərbaycan dilinə və əksinə tərcümə bacarıqlarını inkişaf etdirirlər. Təcrübə müddətində onların analitik düşünmə, mətn üzərində işləmə və terminoloji dəqiqlik kimi peşəkar keyfiyyətləri də formalaşır.
Proqram çərçivəsində tələbələr həmçinin müxtəlif dinləmələrdə, təqdimatlarda və mədəni tədbirlərdə iştirak edərək ərəb dünyasının dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı biliklərini daha da genişləndirirlər. Bu kimi fəaliyyətlər tələbələrin dünyagörüşünün artmasına və beynəlxalq mühitdə ünsiyyət bacarıqlarının formalaşmasına mühüm töhfə verir.
Qeyd edək ki, istehsalat təcrübəsinin bu cür beynəlxalq mühitdə təşkili tələbələrin gələcək karyera imkanlarının genişlənməsinə, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına xidmət edir.
Şərqşünaslıq fakültəsinin dekanlığı gələcəkdə də bu kimi əməkdaşlıqların davam etdirilməsini və tələbələrin praktiki biliklərinin artırılmasına yönəlmiş layihələrin genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi qiymətləndirir.