Şərqşünaslıq fakültəsində “Zəfərin başlanğıcı” adlı tədbir keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Zəfərin başlanğıcı” adlı tədbir keçirilmişdir. Tədbirdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, professor-müəllim heyəti, qonaqlar və tələbələr iştirak etmişdirlər.
Əvvəlcə Dövlət himni səsləndirilmiş, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri dekan Aydan Xəndan açıq elan edərək Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizədən danışmış, tariximizin ən qüdrətli səhifələrindən olan Zəfər Gününün gələcək nəsillərə vətənpərvərlik və azadlıq uğrunda əbədi mübarizə ruhunu ötürdüyünü qeyd etmişdir. Azərbaycan xalqının bu şanlı qələbəni rəşadətli ordumuzun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin canı-qanı hesabına əldə etdiyini, şəhidlərin xalqımızın yaddaşındakı unudulmaz yerini vurğulanmışdır.
Daha sonra Şərqşünaslıq fakültəsinin məzunu olmuş şəhid Məmmədov Vüqarın valideynləri – İlqar Məmmədov və Əsmər Məmmədova, həmçinin şəhid Seyidov Əlinin valideyni Lalə Seyidova çıxış edərək övladlarının həyat və döyüş yolundan bəhs etmiş, gəncləri Vətən uğrunda vuruşan, şəhid olan qəhrəmanlardan öyrənməyə, onların ənənələrini yaşatmağa çağırmış, gənc əsgərlərimizin qəhrəmanlıqlarından, şücaətindən söz açmışlar. Onlar övladları ilə bağlı xatirələrini bölüşmüşlər.
Tədbirin sonunda dekan Aydan Xəndan şəhidlərin xatirəsinə həsr etdiyi “Şəhidlər” adlı şeirini səsləndirmiş, tələbələr şəhid ailələrinə suallar ünvanlamışlar.
Sonda xatirə fotoları çəkilmişdir.