Şərqşünaslıq fakültəsində “Şəhərsalma və memarlıq ili” çərşivəsində elmi seminar keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Şəhərsalma və memarlıq ili” çərşivəsində elmi seminar keçirilmişdir. Seminarda Rəssamlıq Akademiyasının Memarlıq fakültəsinin müəllimi Aysel Hüseynova “Tarix, ideologiya və məkan: Şərq ölkələrində memarlığın formalaşması” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi tarixi-ideoloji məkanın şəhər və ölkə kontekstində memarlığın formalaşmasına təsiri haqqında məlumat vermiş, xüsusilə İslam memarlığı timsalında Osmanlı memarlığı ilə Səfəvi memarlığı arasında ideoloji və estetik paralelləri təhlil olunmuşdur. Bu iki memarlıq məktəbinin həm bir-birinə təsirləri, həm də fərqləndirici xüsusiyyətləri – xüsusilə məkan quruluşu, minarə formaları və kompozisiya prinsipləri baxımından müqayisə edilmişdir.
Seminar zamanı Azərbaycanın memarlığında ideologiyanın rolu da ayrıca müzakirə olunmuşdur. Bu kontekstdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dövründə memarlıq və şəhərsalma sahəsində baş verən dəyişikliklərə diqqət yetirilmişdir. Məruzəçi qeyd etmişdir ki, onun hakimiyyətə gəlməsindən sonra milli kimliyin bərpası istiqamətində memarlıq vasitəsilə mühüm addımlar atılmışdır. Buna misal olaraq Nizami metro stansiyası kimi layihələr nümayiş etdirilmişdir. Eyni zamanda şəhərsalma diskursunda Bakının türk-İslam kimliyi, şəhərin fenomenoloji oxunuşu və məkanın ambiansı kimi məsələlər də müzakirə edilmişdir. Seminarın yekununda isə müasir şəhərsalma prinsipləri təhlil olunmuş, həmçinin insan yönümlü şəhər anlayışı, tarixi abidələrin qorunması və müasirliklə ənənənin harmonik şəkildə birləşdirilməsi məsələləri ön plana çəkilmişdir. Tədbir iştirakçıları tərəfindən şəhərin inkişafı prosesində onun tarixi yaddaşı və kimliyini qorumağın əsas prioritetlərdən biri olduğu vurğulanmışdır.