Şərqşünaslıq fakültəsində elmi konfrans keçirilib
Şərqşünaslıq fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş gənc alim və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda elmi konfrans keçirilmişdir. Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə konfransı giriş sözü ilə açaraq müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda təhsilin, elmin inkişafı istiqamətlərində önəmli işlər görüldüyünü qeyd etmiş, Bakı Dövlət Universitetində gənclərin elmi-tədqiqat işinə cəlb olunmasının universitetin əsas vəzifələrindən olduğunu vurğulamışdır. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxış edərək Şərqşünaslıq fakültəsinin gənc alim və magistrantlarına konfransın işində uğurlar diləyərək ulu öndər Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universitetinin tərəqqisindən, Azərbaycan təhsilinə və elminə göstərdiyi xidmətlərdən danışmışdır.
Konfransda İran filologiyası kafedrasının professoru, millətvəkili, akademik Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin klassik irsə qayğısı, Azərbaycan əlyazma sərvətlərinin toplanması, öyrənilməsi, nəşri məsələlərindən, Türk filologiyası kafedrasının professoru, millətvəkili Jalə Əliyeva Azərbaycan elminin inkişafında Heydər Əliyevin rolundan və xidmətlərindən, Türk filologiyası kafedrasının dosenti Kəmalə Əhmədova Türk dünyasının fenomenal öndəri Heydər Əliyevin elmə verdiyi dəyər haqqında məruzə ilə çıxış etmişlər. Daha sonra fakültənin gənc doktorantları və magistrantları tədqiqat işləri ilə bağlı apardıqları araşdırmalar haqqında məruzələrlə geniş şəkildə çıxış etmişlər. Konfrans işini uğurla bitirmiş və sonda xatirə şəkli çəkilmişdir.