ADU-nun əməkdaşlığı ilə dəyirmi masa keçirilib
Bakı Dövlət Universitetiinin Şərqşünaslıq fakültəsinin təşəkkülünün 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsindən 20.05.2022-ci il tarixində BDU-nun Şərqşünaslıq fakültəsi və ADU-nun İsrail və Yaxın Şərq araşdırmaları mərkəzinin müəllim və magistrantları arasında dəyirmi masa keçirilmişdir. Tədbir Azərbaycan-İsrail beynəlxalq əlaqələrinin 30 illiyi zəminində mədəniyyətlərarası münasibətlərə həsr olunmuşdu. BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxış edərək qonaqları salamlayıb Azərbaycan-İsrail əlaqələrinin qədim köklərini vurğulayaraq hal-hazırda iki dövlət arasında dostluq əlaqələrinin genişlənərək iqtisadiyyat, tibb, turizm, mədəniyyət, təhsil və s. kimi bütün sahələri əhatə etdiyini qeyd etdi. Aydan xanım ölkəmizin iki universiteti arasında bu tədbirin gələcəkdə elm və təcrübə sahəsində universitetlərarası əlaqələrin daha çox inkişafına zəmin yaradacağını xüsusi nəzərə çatdırmışdır. Şərqşünaslıq fakültəsinin elmi İşlər üzrə dekan müavini Nigar İsmayılzadə iştirakçıları salamlayaraq İbri şöbəsinin fəaaliyyət tarixindən, elmi nailiyyətlərindən bəhs etmiş, daha sonra sözü müəllim və tələbələrə təqdim etmişdir. BDU-nun Şərqşünaslıq fakültəsinin ibri dili müəllimi Hüseynbalayeva Təranə “İki dövlət arasında münasibətlərin təhsil və elm sahəsində inkişafında universitetlərimizin rolu” mövzusunda çıxış edərək hər iki universitetin yüksək ixtisaslı kadrların yetişdirilməsindəki rolundan, elmi-təcrübi nailiyətləri haqqında məlumat vermişdir. ADU-nun İsrail və Yaxın Şərq araşdırmaları mərkəzinin baş mütəxəssisi Emiliya Xudiyeva "Azərbaycanda yaşayan dağ yəhudiləri" haqqında çıxış edərək Azərbaycanda yaşayan dağ yəhudilərinin tarixi köçü haqqında fikirlərini bildirmişdir. BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi Gülnarə Abdullayeva “Müasir yəhudi ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə müqayisəli məqamları” mövzusunda çıxış edərək hər iki xalqın yazarlarının əsərlərində bənzər süjetləri nəzərə çatdırdı. ADU-nun müəllimi Şəfəq Abdullayeva "Azərbaycan İsrail iqtisadi əlaqələri" haqqında, BDU-nun Coğrafiya fakültəsinin dos. Gülnarə Cəfərova “Azərbaycan və İsrail ölkələri arasında turizm əlaqələrinin inkişaf perspektivləri” mövzusunda maraqlı faktlar təqdim etdilər. ADU -nun müəllimi Günay Səfərova "İkinci Qarabağ muharibəsinə İsrail rəsmilərinin münasibəti" mövzusunda maraqlı təqdimat nümayiş etdirərək müəyyən faktları dinləyicilərə təqdim etdi. ADU - nun baş müəllimi, Siyasi Elmlər üzrə doktorant Leyla Rüstəmli “Azərbaycan-İsrail, unikal əlaqələrin mədəni aspektləri”, BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi Gülər Qasımova "Azərbaycan və Israil arasinda kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinin prioritet istiqamətləri",ADU baş müəllimi Quluzadə Təranə "Azərbaycan İsrail əlaqələrinin inkişafında yəhudi icmasının rolu" mövzusunda çıxış edərək iştirakçıların böyük marağına səbəb oldular. ADU-nun müəllimi Günay Feyziyeva "İsrail cəmiyyətində təbəqələşmə prosesi" haqqında maraqlı məlumatları nəzərə çatdırdı. BDU-nun Şərqşünaslıq fakültəsinin ibri dili müəllimi müəllimi Ayxan Qarayev “Yəhudilərin Qafqaz ərazisinə köçü və Xəzər Xaqanlığı” haqqında mənbələrdən təqdimat nümayiş etdirərək, bu mövzu haqqında müxtəlif fikirlərin mövcud olduğunu qeyd etdi. ADU-nun müəllimi Həmidə Cəfərova "XXI əsrdə İsrail-Azərbaycan diplomatik münasibətləri" haqqında danışaraq 44 günlük müharibə dövründə İsrailin dəstəyini xüsusi vurğuladı. BDU-nun magistrı Zeynəb Öner “Azərbaycan və İsrailin tarixində XX əsrin qanlı səhifələri” mövzusundan danışarkən Holokost və Xocalı soyqırımının XX əsrin ən böyük faciələri olduğunu və bütün dünyanın bunu tanımasını qeyd etdi. BDU-nun Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi və eyni zamanda TEC-in sədri Elnarə Həsənova "Tolerant Azərbaycanda multicultural dəyərlər” mövzusunda çıxış eədərək Azərbaycanda yaşayan yəhudilərə qarşı daim isti münasibətin olmasını, tarixin bütün dönəmlərində onların hər hansı bir təqibə məruz qalmadıqlarını vurğulamışdır.
Tədbirin sonunda mövzular haqqında fikir mübadiləsi oldu və tələbələrin sualları cavablandırıldı. Nigar İsmayılzadə hamıya iştirak etdiklərinə görə minnətdarlıq edərək tədbirin çox maraqlı keçdiyini qeyd etdi.