Şərqşünaslıq fakültəsi tələbələri ADA Universitetində elmi mübadilədə iştirak ediblər
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (Türkiyə üzrə) ixtisasının IV kurs tələbələri ADA Universitetində Türkiyə ədəbiyyatının görkəmli qələmlərindən olan Səbahəddin Əlinin yaradıcılığı və onun “İçimizdəki şeytan” adlı romanının müzakirəsinə həsr olunmuş tədbirdə iştirak etmişlər.
Tədbirdə iştirak edən Şərqşünaslıq fakültəsinin dekan vəzifəsini icra edən f.ü.f.d. Tərlan Məlikov dövlət siyasətinin bir istiqamətinin məhz gənclərə aid olduğunu xüsusilə vurğuladı. Eyni zamanda Şərqşünaslıq fakültəsi tələbələrinin intellektli və bilikli yetişməsi istiqamətində elmi və ictimai-sosial layihələrdə aktiv iştirakın vacibliyindən, bu tip sosial yönümlü layihələrin onların mütaliəyə marağını artıracağından, sosial aktivliyini inkişaf etdirəcəyindən, nitq qabiliyyətlərinin möhkəmləndirəcəyindən bəhs etdi. Tərlan Məlikov belə bir faydalı layihəni dəstəklədikləri üçün ADA-nın rəhbərliyinə, ADA Kitabxana və İnformasiya Xidmətləri Şöbəsinin direktoru Elçin Məmmədova, sosial layihənin rəhbərləri Tərlan Abbasova və Nigar Bayramovaya təşəkkürünü bildirdi. Gələcəkdə bu istiqamətdə BDU və ADA-nın birlikdə əməkdaşlıq edəcəyinə dair fikirlərini çatdırdı.
Tədbirdə Səbahəddin Əlinin tədqiqatçısı Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının dosenti, f.ü.f.d Nurlanə Mustafayeva da iştirak edərək ədibin yaradıcılığından bəhs etdi, “İçimizdəki şeytan” romanının geniş təhlilini verdi. 41 illik ömrünün Osmanlı İmperiyasının süqut etdiyi, Türkiyə Cümhuriyyətinin qurulduğu bir dönəmə təsadüf edən Səbahəddin Əli yaradıcılığı fonunda dönəmə tarixi aspektdən də yanaşıldı, siyasi-ictimai mühit təhlil olundu. Nurlanə Mustafayeva da belə dəyərli sosial layihələrin gənclik üçün çox böyük faydasından, önəmindən bəhs edərək təşkilatçılara təşəkkür etdi.
Tədbir “İçimizdəki şeytan” əsəri, Səbahəddin Əli yaradıcılığına dair müxtəlif fikirlər, təhlillər, müzakirələrlə davam etdi. Müzakirədə BDU Şərqşünaslıq fakültəsinin tələbələri ilə yanaşı müxtəlif universitetlərin tələbələri, sosial şəbəkələrdən layihəyə qoşulan oxucular da iştirak edirdilər.