Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi diskussiya keçirilib
03.11.2021 tarixində Teams platforması üzərində Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “XX əsr Şərq ədəbiyyatında dil və üslub məsələləri” mövzusunda elmi diskussiya keçirilmişdir. Diskussiyaya fakültənin dekan müavinləri, müəllim və tələbələri qatılmışlar. Açılışı Tələbə Elmi Cəmiyyətin elmi rəhbəri Heybət Heybətov edərək 8 noyabr Zəfər Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Sonra isə fakültənin tələbələri çıxış etmişlər. İlk olaraq fakültənin Regionşünaslıq Ərəb ölkələri üzrə ixtisasının IV kurs tələbəsi Ülkər Rzayeva çıxış edərək XX əsr Ərəb dilinin inkişafı üçün son dərəcə önəmli olması fikirlərini səsləndirmiş, Académie Française modeli üzərində Ərəb dili Akademiyalarının fəaliyyətindən və Modern Standart ərəb dilinin yaranması haqqında danışmışdır. Eyni zamanda II dünya müharibəsindən sonra fransız, ingilis, italyan müstəmləkəçilərinə qarşı, bu rejimlər devrildikdən sonra isə yerlərini almış milli diktaturalara və totalitar rejimlərə qarşı əsərlər yazılmasından, Ərəb-israil müharibələri nəticəsində ədəbiyyatda nasionalizm hərəkatı ilə bağlı fikirlərini söyləmişdir. Fakültənin Filologiya ixtisasının Türk ədəbiyyatı ixtisaslaşmasının II kurs magistrantı Baxşəliyeva Giləxanım XX əsr Türkiyə ədəbiyyatında baş verən yeniliklər, Mustafa Kamal Atatürkün Türkiyə Cümhuriyyətini qurmasından sonrakı dövrün ədəbiyyata təsirlərindən geniş şəkildə danışmışdır. Fakültənin IV kurs Regionşünaslıq İsrail üzrə ixtisasının tələbəsi və Tələbə Elmi Cəmiyyətinin sədri Elnarə Həsənova çıxışında XX əsrdə ibri dilinin dirçəldilməsi prosesinin Yəhudi ədəbiyyatına səngiməsi, dilin dirçəldilməsi və ədəbiyyatda yeniliklər edən dilşünas alimlər, yazıçılar haqqında məsələlərə toxunmuşdur. Fakültənin Filologiya ixtisasının Dilşünaslıq fars dili üzrə ixtisaslaşmasının magistrantı Nazim Mənsimov XX əsrin əvvələrində fars ədəbiyyatında olan meyllər, inkişaf yolları, ədəbi fəzanın iştirakçıları, sosial-ictimai həyatla ədəbi prosesin əlaqələnməsi barədə çıxış etmişdir. Fakültənin sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli çıxış edərək XX əsr Fars ədəbiyyatında yaranmış vəziyyət, sosial-ictimai həyatda baş verən hadisələrin ədəbi fikrə təsiri, müxalif şairlər və onlara qarşı terrorizm dalğası barəsində məlumat vermişdir. Fakültənin Regionşünaslıq Koreya üzrə ixtisasının IV kurs tələbəsi Abbasova Nuranə çıxışında XX əsr Koreya Ədəbiyyatında ən mühüm yerin məhz ikinci dünya müharibəsi dövrü 1940-ci illər və ondan sonra 1950-ci illərdə baş verən Koreya müharibəsi hadisələri tutduğunu bildirərək, həmin dövrdə yazılan şeirlərdə əsasən müharibənin təcəssümünün, saf şeir və modernizminin təsvir olunmasını vurğulamışdır. Romanlarda eyniylə müharibənin faciəsini təsvir edən, ekzistensializm və müharibədən sonraki reallığı günahlandırma mövzusuna da toxunmuşdur. Fakültənin IV kurs Regionşünaslıq Yaponiya üzrə ixtisasının tələbəsi Mehdizadə Leyli məruzəsində Yapon ədəbiyyatında ikinci dünya müharibəsindən sonra Amerikanın rəhbərlik etdiyi üslübün mənimsənildiyi və ona qarşı edilən etirazların öz əsərlərində əks etdiyi yazıçıların əsərlərinə, XX əsrin məşhur və dəyərli yazıçıları haqqında fikirlər bildirdi. Fakültənin IV kurs Regionşünaslıq Pakistan üzrə ixtisasının tələbəsi İdris Dəmirov XX əsrdə Müstəqillik hərəkatında yazıçıların rolu , Məhəmməd İqbal , Mirzə Ədib , İbrahim Caliz və digər görkəmli yazıçıların fəaliyyəti ilə bağlı çıxış etmişdir. Sonda isə fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, Tələbə Elmi Cəmiyyətin elmi rəhbəri Heybət Heybətov, Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasının müəllimi İlqar Hüseynov tələbələrin çıxışlarını yüksək qiymətləndirmiş və tələbələrə uğurlar arzu etmişlər. |