Səmavi kitablar informasiya mənbəyi kimi
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq Elmi Tədqiqat Mərkəzində “Səmavi kitablar informasiya mənbəyi kimi” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda İslamşünaslıq ETM-in aparıcı elmi işçisi Yeganə Mirzəyeva qeyd etmişdir ki, hansı məkan və ya zamanda, fərdi, birlik və ya icma şəklində yaşamasından asılı olmayaraq insanın əxlaqi dəyərləri ehtiva edən informasiyaya və onun mübadiləsinə, öz varlığının mövcudluğu üçün müəyyən əxlaq, ədəb və onlardan doğan məsuliyyət hissinə ehtiyacı var. Mərkəzin elmi işçisi Əli Babayev fundamental fəlsəfi anlayış olan informasiyanın etimoloji anlamını, xarakterik xüsuyyətlərini izah edərək, insanlığın dünyanın yaradılışından gündəlik həyat tərzinədək informasiya ilə dərin bağlara malik olduğunu qeyd etmişdir və fikirlərini Müqəddəs İncildə “Əvvəlcə söz var idi” kəlamı ilə şərh etmişdir. Mərkəzin əməkdaşı, ərəbşünas Çingiz Ağayev “İslamda Səmavi kitablara münasibət”lə bağlı məruzə edərək, müqəddəs kitabların ilahi dərgahdan endirilən xəbərlərin (vəhylərin) gələcək nəsillərə çatdırılması missiyasını, onların mətnlərindəki dəyişiklikləri izah etmişdir.
Tədbir ETM-in əməkdaşlarının diskussiyaları ilə davam etmişdir.