R.Rüstəmovun “Zəfər Günün mübarək qalib Azərbaycan xalqı“ adlı məqaləsi işıq üzü görüb
11 Noyabr 2021 17:13
Türk filologiyası kafedrasının müdiri prof. Rüfət Rüstəmovun "Zəfər Günün mübarək qalib Azərbaycan xalqı!" adlı məqaləsi işıq üzü görüb.
Tarixən, Azərbaycan xalqının taleyi bəlalı, məhrumiyyətli olsa da, enişli-yoxuşlu yollarda düşmən qüvvələrlə mübarizəsi şərəfli və öyünclü sonluqlarla bitmişdir. Ən çətin vaxtlarda da yurd sevgisinə və qeyrətinə dayaqlanan xalqımız gələcəyə inamla baxmışdır. Bununla, babalarımız dövlətçilik ənənələrimizi qoruyub saxlamış, əyilməz milli xarakterimizi bütün dünyaya anlatmışlar. Qarabağ uğrunda Vətən müharibəsində qazandığımız tarixi zəfər bütün bunların ən yüksək səviyyədə təsdiqi və sübutu oldu. Ötən bir il isə Qarabağ qələbəmizin sözdə və işdə yeni uğurlarla möhkəmləndirilməsi ilə əlamətdardır.
Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı ordumuz ötən ilin payızında cəmi 44 gündə düşməni diz çökməyə məcbur etdi, torpaqlarımız işğaldan xilas oldu. Artıq bir ildir ki, biz yenidən qalib xalqıq! Ali Baş Komandan İlham Əliyevin dönə-dönə səsləndirdiyi kimi, bu, ilk növbədə, müzəffər ordumuzun, bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Qüdrətli xalqımız düşmən qarşısında əyilmədi, öz yurdsevərliyini, yenilməzliyini bir daha nümayiş etdirdi. Bu qələbənin sevincini ən çox yaşayanlar isə yurdunu-yuvasını itirmiş, erməni zülmünə sinə gərmiş bacı və qardaşlarımız oldu.
Prezident İlham Əliyev qazanılan qələbənin tarixi önəmini bütün dünyaya belə bəyan etdi: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Azərbaycan Ermənistan ilə münaqişəni hərbi-siyasi yolla həll etdi.” Bəli, Azərbaycan xalqı son 2 əsrlik tarixində ilk dəfə olaraq itirilmiş torpaqlarını geri qaytardı, müstəqil dövlətinin ərazi bütövlüyünü təmin etdi. Bununla xalqımız açıq döyüş meydanında təkcə erməni faşistlərinin yox, həm də onun havadarlarının layiqli dərsini vermiş oldu. Düşmən qüvvələrə bir daha başa salındı ki, müstəqilliyimiz əbədidir. Bundan sonra heç bir qara qüvvə dövlətimizin qarşısında hökmlü iddialara düşməməlidir.
Zəfər tarixindən ötən bir il bizim özümüzə də bir çox mətləbləri anlatdı. Anladıq ki, tarixən, başımıza gətirilən qanlı oyunlardan, üzləşdiyimiz xəyanətlərdən birdəfəlik və qəti surətdə dərs çıxarmalıyıq. Böyüməkdə olan gənc nəsil vətənin qanlar bahasına təmin olunan ərazi bütövlüyünün qədrini bilməli, qəhrəmanlıqla dolu tarixi keçmişini və nəhayət, çağdaş düşmənini yaxşı tanımalıdır. Bu işdə hər bir ziyalı öz sözünü deməli, xüsusən, müəllimlər gənclərə yüksək vətənpərvərlik ruhunun aşılanmasına öz töhfəsini verməlidirlər.
Son bir ilin ən diqqətçəkən hadisələri prezident, Ali Baş Komandan İlham Əliyevin və birici xanım Mehriban xanım Əliyevanın davamlı olaraq işğaldan azad olunmuş rayonlara getməsi, aparılan quruculuq işlərinə bilavasitə nəzarət etmələridir. Dövlət başçısının hər dəfə hərbi formada, qalib əhvalda müqəddəs torpaqlarımızı ziyarət etməsini Azərbaycan xalqı sevinc və qürur hissi ilə qarşılayır. Artıq Qarabağda zəruri kommunikasiyalar bərpa edilib, insanların öz yurdlarına dönməsi üçün genişmiqyaslı quruculuq işləri sürətlə davam etdirilir. Xalqımız bu prosesdə birbaşa iştirakı və yardımları ilə fəal iştirak edir. Ermənistan və onların havadarları bütün bunları tarixin ədalətli dərsləri kimi unutmamalıdırlar.
Bütün bunlar bizə bir daha anladır ki, hər bir ziyalı müqəddəs torpaqlarımızın uzun sürən işğaldan azad olunduğu bir vaxtda öhdəsinə düşən işin məsuliyyətini untmamalı, onu sabaha qoymamalıdır. Bu baxımdan ölkəmizdə təhsil sahəsində aparılan islahatlar günün tələblərinə cavab verən, yurdumuzu çiçəklənən ölkəyə çevirə bilən yeni nəsil mütəxəssislərin hazırlanmasına yönləndirilmişdir. Azərbaycanda elm-təhsil məbədi kimi tanınan Bakı Dövlət Universitetində də bu yöndə aparılan işlər tələbələrin bilik səviyyəsinin artmasına, alimlərin pedaqoji və elmi sahədə uğurlu fəaliyyəti üçün geniş imkanlar yaratmağa xidmət edir.
Baş verənlər bizə onu da başa salır ki, Azərbaycan xalqı bundan sonra daha ayıq-sayıq olmalıdır. Həmişə olduğu kimi, dünya ictimaiyyəti qarşısında özünü incidilən, zavallı xalq göstərən xəyanətkar və yırtıcı xislətli ermənilər yenə də məkrli hərəkətlərindən əl çəkmirlər, davamlı olaraq təxribatlar törədirlər. Odur ki, hər birimiz qazandığımız möhtəşəm qələbədə önəmli rolu olmuş Azərbaycan həqiqətlərinin dünyaya çatdırlıması kimi ümummilli missiyanı fasiləsiz olaraq davam etdirməliyik.
Bir ildir ki, Azərbaycanımın səması açıqdır, bir aydan artıqdır ki, ölkəmizin hər tərəfində bayram havası hiss olunur. İnsanların təbəssümünü, qələbə əhvalını görəndə sevinirsən. Ədalətin gec də olsa qalib gəlməsinə görə Ulu Tanrıya dua edirsən. Bu günü bizə qismət edənlərə– Ali Baş Komandana, Azərbaycan əsgərinə minnətdarlıq hisslərini paylaşmaqdan yorulmursan. Bu günlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir ildə üçüncü dəfə Azərbaycanı ziyarət etməsi, Füzuli Beynəlxalq Hava Limanının açılışı mərasimində və müxtəlif tədbirlərdə iştirak etməsi isə Qarabağ qələbəsinin ildönümü günlərində xalqımıza daha bir misilsiz təntənə yaşatdı. Bütün bunlar 30 il namərd qonşu xəyanətkarlığından, onun törətdiyi kütləvi vəhşiliklərdən hədsiz mərhumiyyətlər yaşamış xalqımıza çox yaraşır. Zəfər Günün mübarək qalib Azərbaycan xalqı!
![]() |
Son XƏBƏRLƏR
21.02.2025 | 14:39
21 fevral - Beynəlxalq Ana Dili Günüdür
18.02.2025 | 19:48
Tsukuba Universitetinin professorları fakültəmizdə
18.02.2025 | 16:24
Universitetimiz daha bir beynəlxalq uğura imza atıb
07.02.2025 | 11:00
Allah rəhmət eləsin !
06.02.2025 | 10:53