“Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar
Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq ETM-də “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilmişdir.
Mərkəzin elmi işçisi Əli Babayev “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusu ilə bağlı təqdimat etdi. Əsas olaraq bildirdi ki, Qərbi Azərbaycan ərazisində min illər boyu yaşamış soydaşlarımızın etnik mövcudluğuna son qoyulması və onların mədəni irsinin məhv edilməsi son bir əsrdə Ermənistanın dövlət siyasəti səviyyəsində gerçəkləşdirilmişdir. Nəticədə, azərbaycanlıların bu ərazilərin tarixi və əzəli sakinləri olduğunu sübut edən izləri yox etmək üçün məqsədyönlü şəkildə, kütləvi vandallıq aktları törədilmişdir. Məruzəçi qeyd etdi ki, 1902-ci ildə İrəvan quberniyasının statistika komitəsinin çap etdirdiyi yaddaş kitabçasına görə, İrəvan quberniyasında 310 məscid mövcud idi ki, onlardan da 7-si İrəvan şəhərində olub. Hazırda onlardan yalnız Göy məscid saxlanılır ki, o da Ermənistan dövləti tərəfindən “fars mədəniyyəti abidəsi” kimi təqdim olunur. Məruzəçi Elvin Babayev isə seminar iştirakçılarının nəzərinə indiki Ermənistan ərazisindəki İslamaqədərki alban abidələrinin tarixi ilə bağlı məlumat verdi və qeyd etdi ki, həmin abidələrin hamısı erməni kilsəsi tərəfindən qriqoryanlaşdırılıb, onların memari üslubları dəyişdirilib. Türk filologiyası kafedrasının müəllimi, dosent Güləhməd İmanov Qərbi Azərbaycan həqiqətlərin təbliği, milli-mənəvi dəyərlərimizin nəsildən-nəsilə ötürülməsi baxımından bu mövzuda seminarların olduqca əhəmiyyətli olduğunu vurğuladı. Basarkeçər Rayon İcma Sədrinin gənclər və mətbuatla əlaqələr üzrə müavini İlqar İsmayılov Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı nitqi, həmçinin Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində İcmanın binasının açılış mərasimindəki çıxışını xatırlatdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında hazırlanan, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişindən sonra Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı konsepsiya haqda məruzə etdİ, İcmanın fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə çıxış etdi. O, Qərbi Azərbaycana qayıdışın tarixi faktlar, beynəlxaq hüquq və sülh prinsipləri əsasında mümkünlüyünü izah etdi.
Sonda İrəvanda azərbaycanlılara məxsus milli-mədəni abidəmiz olan Göy məscidin Ermənistan dövləti tərəfindən “fars mədəniyyəti abidəsi” kimi təqdim olunmasına qarşı İslamşünaslıq ETM və Qərbi Azərbaycan İcmasının adından Beynəlxalq təşkilatlara etiraz məktubu göndərilməsi qərara alındı.