“Nizami irsi - insanlığın mənəvi sərvət axtarışının zirvəsində” mövzusunda dəyirmi masa keçirilib
2021-ci ilin 22 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən hər iki ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatlarının (TGT) təşkilatçılığı ilə “Nizami irsi - insanlığın mənəvi sərvət axtarışının zirvəsində” mövzusunda dəyirmi masa keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil edilən dəyirmi masada BDU-nun Filologiya, Şərqşünaslıq fakültələrinin və MDU-nun Humanitar fənlər və Pedaqoji fakültəsinin müəllim və tələbələri iştirak ediblər. Dəyirmi masaya moderatorluq edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ölkə Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsini azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd edib. Bildirib ki, milli-mənəvi dəyərlərə hörmət Ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Məhz Ümummilli lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. BDU-da təşkil olunan dahi şairin xatirəsinə həsr olunmuş silsilə tədbirlər Nizaminin zəngin irsinin araşdırılmasına və gənclər arasında geniş təbliğinə töhfədir. Sonra dəyirmi masada məruzə ilə çıxış edənlər BDU-nun Filologiya fakültəsinin professoru Mətanət Abdullayeva, Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli, MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova, Humanitar fənlər kafedrasının müəllimləri - Ayna Babazadə, Səadət Ağakişiyeva, tələbələr - Ələkbər Həsənov, Xədicə Cəfərli Nizami yaradıcılığında əxlaqi dəyərlər, dahi mütəffəkirin əsərlərində hökmdar və xalq problemi, sosial ədalət və ideal cəmiyyət prinsipləri və s. mövzularda məruzələrlə çıxış ediblər. Çıxışlarda həmçinin Nizami irsinin tədqiqi və təşviqi istiqamətində beynəlxalq müstəvidə həyata keçirlən layihələrdən söz açılıb, böyük şairin 880 illiyinin həm ölkəmizdə, həm də ölkə xaricində təntənəli şəkildə qeyd olunduğu vurğulanıb. Dəyirmi masa tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.
|