Mutəzz Muhy Əbdülhəmid ilə görüş
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin direktoru, Bağdad Universitetinin təhlükəsizlik və informasiya elmləri üzrə doktoru Mutəzz Muhy Əbdülhəmid ilə görüş keçirilib. Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, dekan müavini Tərlan Məlikov, ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı və ərəb filologiyası kafedrasının əməkdaşları iştirak edib. Dekan Aydan Xəndan qonağa Şərqşünaslıq fakültəsi haqqında məlumat verdikdən sonra Azərbaycan-İraq əlaqələrinin inkişafında göstərdiyi fəaliyyətə görə Mutazz Muhy Əbdülhəmidə öz təşəkkürünü bildirdi. Tədbirdə çıxış edən doktor M.M.Əbdülhəmid rəhbəri olduğu İraq-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən, baş redaktoru olduğu “Sadaka” qəzetinin Azərbaycana həsr olunmuş məqalələrindən bəhs etdi. Müəllifi olduğu Azərbaycanla bağlı “Qarabağ münaqişəsinin tarixi” adlı kitabını fakültəyə təqdim edən qonaq, həmçinin “Azərbaycan Vətən müharibəsində” və “Şuşa Azərbaycanın mirvarisidir” adlı kitablarının da nəşr ərəfəsində olduğunu bildirdi. Daha sonra fakültə əməkdaşlarının sualları qonaq tərəfindən cavablandırıldı. Tədbirdə qonaq fakültə ilə əməkdaşlıqla bağlı fikirlərini bildirərək, qurulacaq əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirdi.