İlqar Fəhmi ilə görüş keçirilib
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə tanınmış şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi ilə görüş keçirilmişdir. Tədbirin açılışında Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Heybət Heybətov şairin yaradıcılığı və onun əsərləri haqqında məlumat vermiş, daha sonra isə Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan qonağın yaradıcılığı haqqında öz fikirlərini səsləndirmişdir. Tələbə Elmi Cəmiyyətinin sədri Şəfəq Ağalarlı müəllifin "Şuşa ekspressiyası" şeirini, cəmiyyətin üzvü Gülbəs Həsənova "Bu gecə" qəzəlini ifadə etdikdən sonra çıxış İlqar Fəhmiyə təqdim edilmişdir. Tələbələrə faydalı, maraqlı məsləhətlər verən şair bildirmişdir ki, Şərq mədəniyyətini, ədəbiyyatını, incəsənətini dərindən öyrənmək və bütünlüklə sevmək lazımdır, klassik poeziya irsinə bələd olmaq, bu ənənələri davam etdirmək gənclərin öhdəsinə düşən vəzifələrdəndir. Qonaq öz çıxışında qeyd etmişdir ki, klassik şeir daha çox qədim dövr ədəbiyyatına aid olsa da, hər zaman mövzu, məzmun, oxucuya təsir baxımından aktualdır. Sonra İlqar Fəhmi tələbə və müəllimlərin suallarını cavablandırmış, tədbirin sonunda isə xatirə şəkilləri çəkilmişdir.