“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən İslamşünaslıq Elmi Tədqiqat Mərkəzi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə, “Gənc istedadlar” liseyində (7-ci sinfi şagirdləri) “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tedbir keçirmişdir. Tədbirdə mərkəzin əməkdaşları şagirdlərə Ulu Öndərin irsi, Azərbaycançılıq ideologiyası, vətənpərvərlik və təbiət-cəmiyyət münasibətləri haqda məlumatlar vermişlər. Həmçinin peşəkar təlimçilərin iştirakı ilə şagirdlərlə lisey otaqları üçün dibçək gülləri əkilmişdir. Məktəblilərlə güllərə qulluq qaydalarına dair təlim təşkil edilmişdir.
Mərkəzin aparıcı elmi işçisi Yeganə Mirzəyeva şagirdlərə Ümummilli Liderin “Biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, “Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” kəlamlarını söyləyərək Heydər Əliyevin bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durduğunu və bu irsin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident cənab İlham Əliyevi milli mənəvi dəyərlərimizin ən qüdrətli mühafizəçisi kimi gördüyümüzü qeyd etmişdir.
Mərkəzin elmi işçisi Əli Babayev şagirdlərə Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız”, “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir” kəlamlarını xatırladaraq, Ulu öndərin ölkəmizin təbiətinə xüsusi önəm verdiyini qeyd etmiş, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə təbiətin qorunması, zənginləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Azərbaycanın bütün bölgələrində milyonlarla yeni ağac əkilməsindən, yaşıllıqlar və parkların salınmasından da söhbət açmışdır.