“Fars dilində məsdərlərdə müşahidə olunan qrammatik dəyişikliklər”

Şərqşünaslıq fakültəsində “Fars dilində məsdərlərdə müşahidə olunan qrammatik dəyişikliklər” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Aytən Hacıyeva fars dilində məsdərlərin fellərin əsas formalarından biri kimi felin leksik mənasını ifadə etməsini və eyni zamanda digər fel formalarının yaranması üçün baza funksiyasını daşıdığını qeyd etmişdir. Məruzəçi tarixi baxımdan məsdərlərin qədim fars dilində daha mürəkkəb morfoloji quruluşa malik olmasını, zaman keçdikcə isə morfoloji və fonetik sadələşmə prosesinə məruz qaldığını vurğulamışdır.
Məruzədə qeyd olunmuşdur ki, müasir fars dilində məsdərlər adətən fel kökü + -dən (–tən, –dən) modeli üzrə formalaşır və bu, dilin analitik quruluşuna keçidinin göstəricisidir. Qrammatik inkişaf prosesi nəticəsində bəzi məsdərlərdə saitlərin düşməsi, samitlərin assimilyasiyası, habelə fel kökünün qısalması kimi fonetik dəyişikliklər müşahidə olunur. Bununla yanaşı, bəzi məsdərlər zamanla isimləşmiş fel formaları kimi yeni qrammatik kateqoriyalara çevrilmişdir.
Beləliklə, məruzədə nəticəyə gəlinmişdir ki, məsdərlərdəki qrammatik dəyişikliklər fars dilinin tarixi inkişafında morfoloji sistemin sabitləşməsi, fonetik uyğunlaşma və sintaktik sadələşmə istiqamətində mühüm mərhələ təşkil etmişdir. Elmi seminar diskussiyalarla davam etmişdir.