Kollektivimiz şəhidlərinin məzarını ziyarət edib
Bu gün qüdrətli Azərbaycanımızın tarixinin ən şanlı, qürurverici səhifəsinin yazılmağa başladığı gündür - Vətən müharibəsinin başlanmasından üç il ötür.
2020-ci il 27 sentyabr tarixində səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Buna cavab olaraq, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusu bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı ilə döyüşə atıldı.
İkinci Qarabağ müharibəsi əhali arasında Vətən müharibəsi və “Dəmir Yumruq əməliyyatı” kimi qəbul edilərək Azərbaycan tarixinə ən parlaq səhifə kimi yazıldı. 44 gün davam edən müharibə zamanı Azərbaycan xalqı dünya tarixində misli görünməmiş, sözün əsl mənasında, qeyri-adi birlik və fədakarlıq göstərərək ölkə başçısının ətrafında sıx birləşdi. Azərbaycan əsgəri yüksək rəşadət nümayiş etdirib dünya hərb tarixində yeni nailiyyətlərə imza atdı. Məhz peşəkarlıq Azərbaycan ordusunun az itki ilə qısa müddətdə parlaq qələbə qazanmasına şərait yaratdı.
Elə bu məqsədlə də, Şərqşünaslıq fakültəsinin kollektivi böyük sayda tələbə heyəti ilə "27 sentyabr - Anım günü" münasibəti ilə Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edib. Tələbələr Azərbaycan, Türkiyə habelə qədim türk dövlətlərinin bayraqları ilə universitetdən xiyabana vətənpərvərlik şüarlarıyla yürüş ediblər. Şəhid məzarları ziyarət edilib, onların qəbri önünə qərənfillər düzülüb.