Şərqşünaslıq fakültəsində elmi seminar keçirilib
Şərqşünaslıq fakültəsində elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Türk filologiyası kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru Həyat Məmmədova “Yaşar Kamalın yaradıcılığında qadın obrazları” mövzusunda məruzə ilə çıxış etmişdir. Bu seminarda Yaşar Kamalın üç əsərindəki üç qadın obrazından: qadın – həyat yoldaşı, qadın – ana və qadın – sevgili obrazlarından söhbət açılır. İlk bəhs edilən qadın obrazı Yaşar Kamalı həm Türkiyədə, həm də dünya ədəbiyyatında tanıtdıran dörd cildlik “İncə Məmməd” romanının qəhrəmanı İncə Məmmədin həyat yoldaşı Xədicə obrazıdır. Məruzəçi tədqiqat işində Xədicə ilə Məmmədin məhəbbətindən, sevgi hekayəsindən, Xədicənin sevgisi uğrunda mübarizəsindən danışdı. Haqqında danışdığı ikinci obraz Yaşar Kamalın “İlanı öldürsələr” əsərindəki Esme obrazıdır. Bir qadın, bir ana olaraq Esmenin fədakarlığı, susqunluğu və cəmiyyət tərəfindən ona göstərilən təzyiq nəticəsində oğlunun onu qətlə yetirməsi mövzumuzun obyekti kimi qeyd olunmuşdur. Məruzəçinin söhbət açdığı üçüncü qadın personajı “Ağrıdağı əfsanəsi” romanındakı Gülbahardır. Bu əsər timsalında xan qızı Gülbaharla çoban Əhmədin dillərə dastan olan məhəbbəti və Gülbaharın bu sevgi uğrunda göstərdiyi fədakarlıqlar təsvir olunur.
Elmi seminar daha sonra kafedranın əməkdaşlarının və tələbələrin iştirakı ilə diskussiyalarla davam etdi