“Ərəb ədəbi dilində sözdüzəltmə üsulları (iştiqaq)”
-lg.jpg)
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm Günü”nə həsr olunmuş tədbirlər çərçivəsində elmi seminar keçirilmişdir. Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2018-ci il aprelin 9-da Azərbaycan Resublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzaladığını vurğulamışdır. N.İsmayılzadə cənab İlham Əliyevin apardığı geniş miqyaslı islahatların işığında elmin inkişafına xüsusi əhəmiyyət verməsinin dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirmişdir. Dekan müavini fakültədə “Elm Günü”nə həsr olunmuş ustad dərslərin, seminarların keçirilməsinin əhəmiyyətini qeyd etmişdir. Elmi seminarda Ərəb filologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Gülnur Mahmud “Ərəb ədəbi dilində sözdüzəltmə üsulları (iştiqaq)” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi ərəb ədəbi dilində söz yaradıclığının sütunu olan “iştiqaq”ın bir kökdən müxtəlif sözlərin törəməsi olduğunu qeyd etmişdir. Ərəb dilçilərinə görə “iştiqaq” kök, hərflər və məna baxımından uyğunluğu qoruyaraq bir sözdən digər bir sözün və ya sözlərin əmələ gəlməsidir. Orta əsr ərəb dilçiləri içərsində bu mövzu ilə bağlı Xəlil İbn Əhməd Fərahidi, Sibaveyhi, İbn Cinni, Süyuti, İbn Düreyd öz əsərlərində ərəb dilində sözləri onların semantik zənginliyi baxımından izah etmiş, sözdaxili hərf dəyişmələri və feillərin “geri qayıtma” funksiyasını geniş təhlil etmiş müəlliflərdir. Müasir ərəb dilçilərindən Təmmam Həsən, Abdullah Əmin, Əl Məğribi, İbrahim Ənis əsərlərində həm klassik, həm müasir söz yaradıclığı üsullarını müqayisə etmişdir. Gülnur Mahmud iştiqaq təzahürünün ərəb dilini dünyanın digər dillərindən kəskin şəkildə fərqləndirdiyi xüsuslardan ən önəmlisi olduğunu vurğulamışdır.
Elmi seminar professor-müəllim heyəti və tələbələr tərəfindən maraqla qarşılanmışdır.