Əməkdaşlarımız K.İmanaliyevin yaradıcılıq gecəsində
Şərqşünaslıq fakültəsinin əməkdaş və tələbə heyəti Türk Mədəniyyəti və irsi fondu tərəfindən təşkil olunmuş Qırğızıstanın görkəmli xalq yazıçısı, dramaturqu, dövlət və ictimai xadimi Kayrat İmanaliyevin yaradıcılıq gecəsində iştirak etmişlər. Tədbir Azərbaycan ziyalılarının və gənclərinin müasir qırğız yazıçısının fəaliyyəti ilə daha yaxından tanış olmasına, Türk dünyasında mövcud dostluq körpülərinin möhkəmləndirilməsinə töhfə vermək məqsədilə təşkil olunub. Tədbiri giriş sözü ilə açan Fondun prezidenti Aktotı Raimkulova təşkilatın son illər ərzində Qırğız Respublikası ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini daha da genişləndirməsindən söz açıb. Aktotı Raimkulova Fond tərəfindən müasir qırğız ədəbiyyatının parlaq simalarından Kayrat İmanaliyevə həsr olunan tədbirdə Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərinin, həmçinin gənclərin iştirakının əhəmiyyətini xüsusi qeyd edib. Tədbirdə çıxış edən görkəmli yazıçı, dövlət və ictimai xadimi Kayrat İmanaliyev bütün türk xalqlarının tarixi və mənəvi yaxınlığından bəhs edib. Kayrat İmanaliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qırğız xalqının mənəvi qüruru olan “Manas” eposunun 1000 illik yubileyində söylədiyi nitqini xatırladıb.
Yazıçı K. İmanaliyev Heydər Əliyevin qırğız xalqı tərəfindən hər zaman böyük rəğbətlə anıldığını, ötən il Ulu Öndərin 100 illik yubileyinin Qırğızıstanda təntənəli tədbirlərlə geyd olunduğunu diqqətə çatdırıb. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək, müasir dövrdə Türk xalqlarının ortaq tarixi-mədəni irsinin yaşadılmasının mühüm əhəmiyyətini vurğulayıb. Fərid Cəfərov bu cür tədbirlərin keçirilməsinin Türk Dünyasında ədəbi-mədəni mübadilələri daha da gücləndirdiyini bildirib. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Azərbaycan və qırğız xalqlarını ortaq mədəniyyət, qədim tarix və ənənələr, dil və folklorun birləşdirdiyini vurğulayıb. O, türk xalqlarının inteqrasiya prosesinin sürətləndirilməsində ədəbiyyat sahəsinin önəmli rol oynadığını qeyd edib. Tədbirdə həmçinin, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin katibi Səlim Babullaoğlu, Manasşünas alim Adil Cəmil çıxış edərək, ortaq mədəni-ədəbi abidələr ətrafında birləşən Türk xalqlarının ziyalılarının və gənclərinin Türk Dünyasının inteqrasiyasında fəal iştirakının mühüm əhəmiyyətini vurğulayıblar.Tədbirdə Qırğızıstanın tanınmış yazıçısı, ictimai xadim Kayrat İmanaliyevin həyat və yaradıcılığına dair videoçarx nümayiş etdirilib. Tədbirin bədii hissəsində Bakı Bələdiyyə Teatrının aktyorları tərəfindən Qırğızıstanın Xalq yazıçısı Kayrat İmanaliyevin əsərlərindən parçalar ifa edilib. Sonda Kayrat İmanaliyev Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələrinin suallarını cavablandırdı.