Elmi seminar keçirilib
Şərqşünaslıq fakültəsində elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi İran filologiyası kafedrasının müəllimi Rəna Məmmədova “Klassik dövr İran nəsrinin əhəmiyyətli əsəri olan “Qabusnamə”” adlı məruzə ilə çıxış etmişdir. Məruzəçi “Qabusnamə” əsərinin müəllifi olan Unsur-əl-Meali Kay Kavus İbn-İskəndər İbn Qabus İbn-Vuşməgir ibn Ziyar və kitabın XI əsrdə yazılması haqqında qısa məlumat vermişdir. Eyni zamanda məruzəçi əsərin fars dilində yazılmış məlum ilk nəsr əsəri olmasını da qeyd etmişdir. Əsər 44 fəsildən ibarət olmaqla nəsihətlər şəklində Uca Allahın yolunu tanımaq, valideynə hörmət, peşə seçimində düzgün qərar vermək kimi mövzuları əhatə edir. Məruzəçi “Qabusnamə” əsərinin klassik fars nəsrinin formalaşmasında mühüm rol oynadığı, Şərq və Qərb şairlərinin ədəbi fikrinin inkişafına təsir göstərməsini də vurğulamışdır. Elmi seminar kafedranın professor-müəllim heyətinin mövzu ilə bağlı müzakirələri ilə davam etmişdir.