Diplomatik əlaqələrin 30-cu ildönümü
Şərqşünaslıq fakültəsinin əməkdaşları 7 sentyabr 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş rəsmi yubiley mərasimində iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin bünövrəsinin 30 il bundan əvvəl qoyulduğunu qeyd edib. Səfir Yaponiya ilə Azərbaycan arasında mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqdirəlayiq olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolunu qeyd edən Cuniçi Vada Azərbaycan və Yaponiya arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin həyata keçirildiyini məmnunluqla vurğulayıb.
Tədbirin rəsmi qonaqları arasında millətvəkilləri, Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, Yaponiyadan dəvət olunmuş xüsusi qonaqlar yer almışdır.
Tədbirdə “20-ci Bakı-Yapon Dil Natiqliq Müsabiqəsi”ndə 1-ci yer qazanan Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Reqionşünaslıq yapon dili üzrə ixtisasının IV kurs tələbəsi Nuray Rəsulzadə yapon dilində çıxış etmişdir.
Rəsmi hissə Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş caz konserti ilə davam etmişdir.