“Cəbhədən fotolarla Çanaqqala döyüşləri”
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və Tələbə Elmi Cəmiyyətinin üzvləri (TEC) 22 oktyabr 2025-ci il tarixində Bakı Yunus Emre İnstitutu və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə keçirilən Çanaqqala Döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən fotolarla Çanaqqala döyüşləri” adlı sərgi və panel proqramında iştirak etmişlər.
Bir millətin yenidən doğuluşunun rəmzi sayılan Çanaqqala ruhu bu dəfə Bakı şəhərində canlandırılmışdır. Tədbir zamanı iştirakçılar Çanaqqala döyüşlərindən çəkilmiş tarixi fotoları, həmçinin mobil muzey vasitəsilə təqdim olunan orijinal eksponatları yaxından izləmişlər. Bu eksponatlar həmin dövrün hadisələrini, döyüş ruhunu və qəhrəman türk əsgərinin mübarizəsini bir daha göz önünə gətirmişdir.
Tədbir, Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluğun, ortaq tarix və mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşımışdır. Panel zamanı çıxış edən natiqlər Çanaqqala döyüşlərinin təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün milli həmrəyliyin və mübarizə ruhunun simvolu olduğunu vurğulamışlar.
BDU-nun Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyəti üzvləri də bu mənalı tədbirdə iştirak edərək, həm qardaş ölkənin tarixi ilə yaxından tanış olmuş, həm də bu şanlı səhifənin bizə ötürdüyü vətənpərvərlik və birlik mesajlarını dərin şəkildə hiss etmişlər.
Tədbirin sonunda iştirakçılar arasında xatirə şəkilləri çəkilmiş və bu mənalı gün uzun müddət yadda qalacaq təəssüratlarla tamamlanmışdır.