«Birinci Türkoloji Qurultaydan müasir dövrə: Ortaq əlifba və orfoqrafiya ideyasının 100 illik elmi-ideoloji yürüşü»
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Elm Günü”nə həsr olunmuş ustad dərs keçirilmişdir. Məruzəçi Şərqşünaslıq fakültəsinin məzunu, Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov «Birinci Türkoloji Qurultaydan müasir dövrə: Ortaq əlifba və orfoqrafiya ideyasının 100 illik elmi-ideoloji yürüşü» mövzusunda çıxış etmişdir. Elçin İbrahimov 1926-cı ildə keçirilmiş I Türkoloji Qurultayın ortaq əlifba və orfoqrafiya sahəsində ortaya qoyduğu elmi-nəzəri prinsipləri müasir dövrün dilçilik reallıqları ilə müqayisəli şəkildə təhlil etmişdir. Bu çərçivədə türkdilli xalqlar arasında qrafik uyğunluğun təmin edilməsi, vahid yazı normalarının hazırlanması və ortaq orfoqrafik modelin elmi əsaslarının müəyyənləşdirilməsi hədəflərini müzakirə etmişdir. Məruzəçi müasir dövrün sosial-linqvistik reallıqlarının türkdilli xalqlarda əlifba seçimi, yazı standartları və orfoqrafiya normalarının yenidən nəzərdən keçirilməsinin aktuallaşdığını qeyd etmişdir. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxışında müasir türkologiyanın aktual problemlərinə həsr olunan xüsusi layihələrə, debatların keçirilməsinə tələbələrin cəlb olunmasını və Qarabağ Universiteti ilə birgə layihələrin həyata keçirilməsi fikrini irəli sürmüşdür. Tədbir interaktiv müzakirə şəraitində davam etmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Sonda Elçin İbrahimov qələmə aldığı kitabları tələbələrə və Şərqşünaslıq fakültəsinin kitabxanasına hədiyyə etmişdir.