BDU-da “Türkiyə günü”

Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının 23 aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş “Türkiyə günü” tədbiri keçirilib.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyaya nümunə olduğunu bildirib. O qeyd edib ki, iki qardaş ölkə arasında mövcud olan dərin tarixi, mədəni və mənəvi bağlar günbəgün möhkəmlənir, bu prosesə elm və təhsil müəssisələri də öz töhfəsini verir. BDU son illər Türkiyənin onlarla ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq edir, tələbə-müəllim mübadiləsi, müxtəlif birgə tədbirlər, layihələr həyata keçirir. Ümumtürk mədəniyyətinin zənginliyini, ortaq dəyərləri özündə birləşdirən belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Yunus Emre İnstitutunun Bakı koordinatoru Gökhan Seyhan 23 aprel tarixinin Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, bu günün həm milli suverenliyin simvolu, həm də uşaqlara həsr olunmuş ilk bayramlardan biri olduğunu diqqətə çatdırıb. O, belə tədbirlərin Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Daha sonra tələbə və müəllim heyəti qədim “Ebru” sənəti və xəttatlıq üzrə ustad dərslərində iştirak ediblər.
Tədbir çərçivəsində Türkiyə Respublikasının tarixi və qurucusu Mustafa Kamal Atatürklə bağlı fotosərgi açılıb. Sərgi bir neçə gün ziyarətçilərin üzünə açıq olacaq.