Azərbaycan mentallığı və “Kitabi Dədə Qorqud
Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının dosenti Cəmilə Rüstəmova “Azərbaycan mentallığı “Kitabi Dədə Qorqud” dastanındakı bir mürəkkəb cümlə formulu timsalında” mövzusunda elmi seminarda çıxış etmişdir. Seminarın mövzusu xalq metallığının onun sintaksisinə təsirindən bəhs edir. Məruzəçi qeyd etmişdir ki, türk dilində mürəkkəb cümlə modellərinin funksional və kommunikativ aspektdə təhlili bir çox maraqlı məqamları üzə çıxarır. “Kitabi Dədə Qorqud” dastanının mətnlərində dəfələrlə təkrarlanan “Ana haqqı - Tanrı haqqı deməsəydi, qalxıb yerimdən durardım, yaxandan boğazından tutardım” ifadələrinin məfhuma xəbərdarlıq, şikayət, etiraz kimi nitq janrlarının həyata keçirilməsində işləndiyini görmək olar. Azərbaycan mentaliteti üçün həlledici olan “Ana” konsepsiyasının təhlili əsasında məlum olur ki, bu ifadə təhlükə semantikasını əks etdirsə də, reallıqda təəssüf, etiraz, qəzəb semantikasının dolayı ifadəsi kimi çıxış edir. Məruzədə eyni zamanda Azərbaycan mentaliteti üçün dəyərli olan konsepsiyanın ifadə vasitələri təhlil edilmişdir.
Elmi seminar kafedra əməkdaşlarının və tələbələrin diskussiyaları ilə davam etmişdir.