Atatürk’ü Anma, Gənclik ve Spor Bayramına həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) və Türk filologiyası kafedrasının təşəbbüsü ilə 19 May – Atatürk’ü Anma, Gənclik ve Spor Bayramına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiklal Marşı ilə başlamışdır.
Açılış nitqi ilə çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan bu bayramın həm Türkiyə, həm də Azərbaycan gəncliyi üçün dərin mənəvi və tarixi əhəmiyyət daşıdığını vurğulamışdır. O, Atatürkün “Ey yüksələn yeni nesil, istiqbal sizsiniz!” sözlərini xatırladaraq gənclərin maarifləndirilməsinin, milli-mənəvi dəyərlərlə böyüməsinin vacibliyini qeyd etmişdir.
Bayram proqramı çərçivəsində tələbələrin çıxışları və bədii kompozisiyaları təqdim olunmuşdur. Onlar Atatürkün gəncliyə olan inamını, azadlıq və müstəqillik uğrunda göstərdiyi mübarizəni poetik və dramatik nümunələrlə səhnələşdirmişlər.
Türk filologiyası ixtisasında təhsil alan tələbələr müxtəlif çıxışlar və səhnəciklərlə Atatürkün ideallarına olan hörmət və sevgilərini ifadə etmişlər. Proqram çərçivəsində “Atatürkün Gənçliyə Xitabəsi” səsləndirilmiş, Atatürkə həsr olunmuş şeirlər oxunmuş, onun nitqindən fraqmentlər təqdim olunmuş və milli dəyərləri əks etdirən səhnəciklər nümayiş etdirilmişdir. Həmçinin tələbələr Atatürkün türk xalqı və dövləti üçün gördüyü işləri dramatik bir kompozisiya ilə canlandıraraq tədbirə dərin emosional çalarlar qatmışlar.
Tədbirin sonunda tədbirin təşkilində tələbələrə dəstək olan Türk filologiyası kafedrasının müəllimi Gülüstan Həsənova tələbələrə təşəkkürünü bildirmiş və onları düşüncəyə sadiq qalmağa səsləmişdir. Tədbirdə elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə çıxış edərək tələbələrin bu təşəbbüsünü yüksək qiymətləndirmiş və onlara uğurlar arzulamışdır.
Bu əlamətdar tədbir bir daha sübut etdi ki, Bakı Dövlət Universiteti gənclərin vətənpərvər ruhda yetişməsi, ortaq milli dəyərlərin qorunması və iki qardaş ölkə — Azərbaycan və Türkiyə arasında sarsılmaz bağların möhkəmləndirilməsi üçün mühüm mədəni platformadır.