24-cü Yapon dili üzrə Natiqlik yarışı

2001-ci ildən Bakı Dövlət Universitetində Yapon dili üzrə Natiqlik yarışı keçirilir. Bu yarışda ölkəmizdə yapon dilini öyrənən gənclər öz bacarıqlarını nümayiş etdirirlər. 1 noyabr 2025 ci il 24-cü Yapon dili Natiqlik yarışını yenə də həyəcan və fərəh hissilə keçirtdik. Uzun müddətdir ki, fakültəmizin müəllimləri, tələbələri bu yarışa hazırlaşırdılar. Yapon dilini öyrənənlərin dildaşıyıcıları, Yaponiyanın ölkəmizdəki səfirinin qarşısında çıxışı onlar üçün xüsusi bir məsuliyyət idi. Həm bizim tələbələrimiz, həm də Azərbaycan Dillər Universitetinin tələbələri maraqlı çıxışları ilə yadda qaldılar. Şərqşünaslıq fakültəsi üçün qürurverici haldır ki, məhz bizim tələbəmiz İlkin Zəkiyev birinci yerə layiq görüldü. İlkin Paraolimpiya çempionumuz İlham Zəkiyevin oğludur. Elə yaponca çıxışını da qəhrəman atasının çətin, amma şərəfli həyatına həsr etmişdi. Atasının əzmi, yenilməz ruhundan ilham alan oğlu qələbəsi ilə bir daha sübut etdi ki, insan həyatda iradəsi, əzmi ilə bütün arzularına çatmaq iqtidarındadır! İlkini bir daha təbrik edir, irəlidə də yeni-yeni uğurlar arzulayıram.